Cocuq Mərcanlıya köç başladı - REPORTAJ
Uzun illərdir məcburi köçkün həyatı yaşayan Cocuq Mərcanlı sakinlərinin prezident İlham Əliyevin sərəncamı ilə kənddə salınmış yeni qəsəbəyə köçürülməsinə başlanılıb.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, köçürmə prosesi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən aparılır.
Sahəsi 3850 kvadratmetr olan yeni qəsəbədə 50 fərdi yaşayış evi sakinlərin ixtiyarına verilib ki, onun 5-i birotaqlı, 20-si ikiotaqlı, 25-i isə üçotaqlıdır.
Qəsəbədə 100 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Evlərə Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülür. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Hər bir ev üçün 8 sot həyətyanı sahə ayrılıb.
Billurə Məmmədova 25 il əvvəl tərk etdiyi yerlərə yenidən qayıtdığı üçün çox xoşbəxt olduğunu deyir. O, ailəsi ilə birlikdə uzun müddət ictimai binada məcburi köçkün həyatı yaşayıb: "Orda idarədə qalırdıq, pis şəraiti olduğu üçün kirayə tutub qaldıq. Mən el-obama qayıtdığım üçün, 25 ildir doğmalarımla birlikdə tərk etdiyimiz torpaqlara yenidən geri döndüyümüz üçün ölkə rəhbərliyinə sonsuz təşəkkür edirəm".
İndiyədək Bakının Biləcəri qəsəbəsində yaşadıqlarını deyən Sevinc Əliyeva isə doğma yurduna qayıda bildiyinə hələ də inanmır. İki uşaq anası olan Sevinc Əliyeva xəyalında təsəvvür edə bilmədiyi evə köçməsini sanki nağıl sayır: "Heç xəyalıma da gətirə bilmirdim ki, nə vaxtsa öz torpağımıza qayıdıb evimiz olacaq. Hər şəraitimiz əladır, sağ olsunlar, əziyyət çəkiblər, təşəkkür edirik".
Bu gün Cocuq Mərcanlıya hələlik 6 ailə köçüb. Ümumilikdə isə Cocuq Mərcanlıya 25 ailə Bakıdan, 25 ailə digər rayonlardan olmaqla, 50 ailə köçürüləcək.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA