İranlı sürücünün Astarada dəhşətli sonu: yük maşını gözəllik salonuna girdi

Astarada İran vətəndaşının idarə etdiyi maye qazla dolu yük maşını yoldan çıxaraq gözəllik salonunun üzərinə aşıb. APA TV-nin cənub bürosunun məlumatına görə, nəticədə sürücü hadisə yerində ölüb.

 

Hadisə axşam saatlarında Astara-Şahağacı yolunda qeydə alınıb. Əslən Təbrizdən olan 40 yaşlı Seyid Məhəmməd Reyhani "Volvo" markalı yük avtomaşınını idarə edərkən ürəktutmadan halı pisləşib. Nəticədə o, idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Maye qaz daşıyan sistern yolun kənarında olan gözəllik salonunu dağıdıb. Salonun içərisində olan 3 nəfər xoşbəxtlikdən xəsarət almayıb.

 

Bundan başqa, kəndin 10 min kVt-lıq elektrik dirəyi sıradan çıxıb və yüksək gərginlikli elektrik xətlərinə ziyan dəyib. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, deformasiyaya uğramış yük maşınının içərisində sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR