Azərbaycan XİN Rusiyanın ittihamlarına cavab verdi

"Rəsmi Bakı Rusiya vətəndaşı olan ermənilərin Azərbaycana daxil olması ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı ilə əlaqədar mövqeyini Rusiya tərəfinə bildirib".

 

APA TV-nin xəbərinə görə, bunu XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev Rusiya vətəndaşı olan ermənilərin Azərbaycana gələrkən hava limanında gözlədilməsi və geri göndərilməsi barədə Rusiya XİN-in bəyanatını şərh edərkən deyib.

 

Onun sözlərinə görə, tərəflər arasında imzalanan vizasız rejim haqqında sazişdə qeyd olunub ki, Azərbaycan ərazilərinin iyirmi faizi işğal edilib və orada etnik təmizlik aparılıb: "Azərbaycanla Rusiya arasında vətəndaşların vizasız gediş-gəlişi və strateji tərəfdaşlığa dair saziş imzalanıb. Azərbaycan multikultural ənənələri ilə fəxr edir. Bu, dünya üçün nümunədir. Amma təəssüf ki, Azərbaycan erməni işğalından əziyyət çəkir".

 

Hikmət Hacıyev bildirib ki, bəzi şəxslər etnik zəmində təhrikedici fəaliyyət göstərir və bununla əlaqədar Azərbaycana daxilolmalara müəyyən məhdudiyyətlər tətbiq edib: "Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində qanlı etnik təmizləmə siyasəti həyata keçirilib. Bu siyasət Ermənistan ərazisində də aparılıb. Təəssüf ki, milliyyətcə erməni olan bəzi şəxslər etnik zəmində təfriqə aparır. Bu səbəbdən biz bu kimi tədbirlər həyata keçiririk. Rusiyalı həmsədr, o cümlədən digər həmsədrlər üzərilərinə düşən öhdəlikdən çıxış edərək münaqişənin həlli üçün səylərini artırmalıdır. Ermənistan silahlı qüvvələri işğal altındakı ərazilərimizdən çıxarılmalıdır. Regionda sülh, hərtərəfli gediş-gəliş və sivil münasibətlər təmin olunmalıdır".

 

Qeyd edək ki, Rusiya XİN Azərbaycana gələn Rusiya vətəndaşlığına malik ermənilərin etnik mənşəyinə görə diskriminasiyaya məruz qaldığını iddia edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR