XİN: Alxanlıya atəş əmrini Serj Sarkisyan verib

"Ermənistan həmişəki kimi, mülki əhalini atəşə tutub, Alxanlıda nə qərargah, nə də atəş nöqtəsi var. Dünən baş verən hadisə bir daha göstərir ki, ötən ilin aprelində Azərbaycan tərəfindən əməliyyatlar cavab addımı olaraq həyata keçirilmişdi". APA TV-nin xəbərinə görə, bunu Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

 

Onun sözlərinə görə, düşmən tərəfinin itkiləri olsa da, gizlədilir. Vaqif Dərgahlı qeyd edib ki, bu cür əməllərin qarşısı qətiyyətlə alınacaq: "Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək. Yanvar ayından bəri ermənilər atəşkəs rejimini təxminən 18000 dəfə pozublar. Əsasən minaatanlardan və müxtəlif kalibrli digər iriçaplı silahlardan istifadə olunub".

 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə bildirib ki, ötən gün Alxanlıda baş verən hadisə ilə bağlı artıq Füzuli Rayon Prokurorluğunda cinayət işi başlanıb: "İstintaq qrupu yaradılıb. Hadisə yerinə və meyitlərə baxış keçirilərkən hadisə yerində, meyitlərin bədənində qumbaraatan mərmilərin qəlpələri aşkar edilib. Cinayət işi üzrə obyektiv araşdırma aparılmaqla, zəruri və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir".

 

Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev isə bildirib ki, bu hadisə Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin kobud şəkildə pozulması deməkdir. Onun sözlərinə görə, bütün məsuliyyət bilavasitə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür: “Bu, onların məqsədyönlü dövlət siyasətinin tərkib hissəsidir. Ermənistan ordusunun Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğu və status-kvonun davam etməsi bu kimi hadisələrin baş verməsinə səbəb olur. Bu hal regional sülh və təhlükəsizlik üçün təhdiddir. Anjey Kaspşik təmas xəttinin hər iki tərəfində araşdırma aparır, düşünürük ki, bu araşdırmalarla bağlı ədalətli bəyanat verəcək. Atəş əmri birbaşa Ermənistan ordusunun ali baş komandanından alınıb və bütün məsuliyyət bilavasitə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür".

 

XİN sözçüsü bir daha bəyan edib ki, Azərbaycan münaqişənin həlli üzrə substantiv danışıqların tərəfdarıdır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR