Lerikdə nazirlik əməkdaşlarını vəhşicəsinə döyən ata və iki oğlu tutuldu

Lerikdə meşə mühafizəçisini və direktoru vəhşicəsinə döyən 14 nəfərlik dəstə üzvlərindən 3 nəfər saxlanılıb.

 

Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Eyvaz Babayev hadisəni belə xatırlayır: "Gecə 12-nin yarısı meşə gözətçisi Adıgözəl Cavadov mənə telefonla zəng elədi. Dedi, 9 saylı meşə dolayısına Tüyədo kəndindən iki maşın meşəyə daxil oldu. Dedim, onları izlə, gör, hansı əraziyə gedir. Gecə vaxtıdır, mən işçiləri götürüb gəlirəm".

 

APA TV-nin cənub bürosunun xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları "QAZ-66" markalı avtomaşınla meşə ərazisinə daxil olan bir qrup şəxsin izi ilə meşə ərazisinə daxil olurlar. Müəssisənin direktoru, meşəbəyi və digər işçilər Lerik rayonunun Kirkan kəndi ərazisində Kürdəsər meşəbəyliyinin 9 saylı dolayına yollanıb və 14 nəfərdən ibarət dəstənin elektrik mişarı ilə ağacları kəsdiyinin şahidi olublar. Meşə mühafizəçiləri qanunvericiliyə uyğun olaraq həmin şəxslərdən ağac kəsilməsinin dərhal dayandırılmasını tələb etdikdə, dəstə üzvləri meşə işçilərinə hücum edib. Əllərindəki küt alətlərlə müəssisənin direktoru Eyvaz Babayevə və meşə gözətçisi Adıgözəl Cavadova ağır bədən xəsarətləri yetiriblər: "Adıgözəlin başına İdrisin qardaşı Rövşən Novruzov zərbə endirdi. Meşə gözətçisi huşunu itirib yerə oturdu. Sonra 12-14 nəfər dediyim adamlar hamısı başladı onu vurmağa. İdris deyilən şəxs yoldaşlardan alıb başıma vuranda mən sağ əlimi qaldırdım, sağ əlimə dəydi ağac, hiss etdim ki, əlim sındı. İkinci zərbəni vuranda sağ əlimi qaldırdım. Sağı da əzdi, amma siyirdi keçdi. Sonradan ətrafdakılar başladılar bizi yumruqlamağa".

 

Hadisə nəticəsində xəsarət alanlar digər meşə işçiləri tərəfindən xəstəxanaya çatdırılıb. Travmatoloq Mirkamal Vəliyev xəstələrin vəziyyəti barədə məlumat verib: "Babayev Eyvaz Babəli oğlunun sağ dirsək sümüyünün aşağı üçdə birinin qapalı çəp sınığı diaqnozu ilə yardım göstərilib. Xəstənin müalicəsi hazırda davam etdirilir. İkinci xəstə Cavadov Adıgözəl Lənkəranın Gəgiran kəndindən başın təpə nahiyəsinin çapılması diaqnozu ilə müraciət edib. Yara ilkin olaraq birincili işləndikdən sonra evə yazılmışdır. Sonradan Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib, müalicəsi davam etdirilir".

 

Araşdırmalar zamanı məlum olub ki, meşə işçilərinə xidməti vəzifələrini yerinə yetirərkən ağır bədən xəsarətləri yetirənlərin hamısı Lənkəran rayonunun köhnə Kirgan kəndinin sakinləridir. Artıq Lənkəranın Gəgiran kənd sakinləri İdris Novruzov, onun oğlanları Adil Novruzov və Rövşən Novruzov Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların barəsində həbs-qətimkan tədbiri seçilib, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR