Cocuq Mərcanlının yenidən qurulmasının ikinci mərhələsi başladı

Bu gün Cocuq Mərcanlının yenidən qurulmasının ikinci mərhələsinə start verilib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, iş icraçıları əraziyə onlarla dağıdıcı kran və yük maşınları cəlb edib.

 

Ərazi tullantılardan təmizləndikdən sonra mənzillərin tikintisinə başlanacaq. Tikinti işlərinin yay mövsümü ərzində yekunlaşdırılması planlaşdırır.

 

Cocuq Mərcanlıda 100 evin tikintisi üçün 17 hektar torpaq sahəsində təmizləmə işləri başa çatdıqdan sonra burada 14 birotaqlı, 36 ikiotaqlı, 38 üçotaqlı və 18 dördotaqlı mənzil inşa olunacaq. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Sabir Əhmədov deyir ki, inzibati binalarla yanaşı, iaşə obyektləri də tikiləcək: "Burada uşaq bağçası, 50 yerlik xəstəxana, inzibati bina, poçt məntəqəsi, gəlir gətirən obyektlərin inşası nəzərdə tutulur. Tikinti işlərinin 3 aya yekunlaşması nəzərdə tutulub".

 

Cəbrayıl RİH-in başçısı Kamal Həsənovun sözlərinə görə, Cocuq Mərcanlıda aparılan tikinti işlərinin ikinci mərhələsi də kənd sakinlərinin bütünlüklə evlə təmin olunması üçün kifayət etməyəcək. Çünki təsərrüfatların sayı sakinlərinin kəndi tərk etdikləri dövrlə müqayisədə az qala iki dəfə artıb: "Cocuq Mərcanlı çıxanda ev hesabı ilə burda 209 ev vardı, kitabda 250 təsərrüfat vardı. Bu gün Cocuq Mərcanlıda418 təsərrüfat, yəni ailə mövcuddur. Amma onu deyim ki, Cocuq Mərcanlının əhalisi 50 faiz artıb. Həmin dövrdə 1070 nəfər əhali vardı, bu gün 1500 nəfərədək əhalisi var".

 

Qeyd edək ki, Cocuq Mərcanlının yenidən qurulmasının birinci mərhələsində inşa olunan 50 mənzilin sahibi ötən gün püşkatma yolu ilə məlum olub. Onların qəsəbəyə köçürülməsinə sabah başlanacaq.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR