Sabahdan qızmar istilər səngiyir, temperatur enəcək - XƏBƏRDARLIQ

Son günlər ölkə ərazisində havanın hərarətinin yüksəlməsi nəticəsində günvurma hadisələri qeydə alınıb.

 

APA TV-nin məlumatına görə, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Çağrı Mərkəzinə 10-dan çox şikayət daxil olub.

 

Stansiyanın böyük həkimi Bənövşə Quliyevanın sözlərinə görə, yay fəsli başlayandan 8, son iki gündə isə daha 7 nəfər günvurma ilə bağlı stansiyaya müraciət edib: “Fəsil başlayandan 15 müraciət daxil olub. Onlardan 4-ü ağır olub, ərazi üzrə xəstəxanaların reanimasiya şöbələrinə yerləşdirilib. Onlardan üçü uşaq olub, biri xəstəxanaya yerləşdirilib. Qalan 11 xəstəyə yerində yardım olunub”.

 

Qızmar istilərdə günəşdən qorunmaq məsləhətdir. Bənövşə Quliyeva əhaliyə ehtiyatlı olmağı tövsiyə edib: “Saat 11.00-17.00 arası çölə çıxmasınlar. Əsasən də həssas insanlar - yaşlı, ürək-damar xəstəliyi olanlar, təzyiqi olanlar, şəkərli diabetdən əziyyət çəkənlər, körpə uşaqlar, hamilə qadınlar zərurət olmadığı təqdirdə çölə çıxmasınlar. Əgər məcburdurlarsa, qoruyucu vasitələrdən - baş örtüyü, eynək, çətirlərdən istifadə etsinlər. Təbii materiallardan biçilmiş paltarlar geyinsinlər”.

 

Sinoptiklərin proqnozlarına əsasən, sabahdan etibarən havanın temperaturunun tədricən aşağı enməsi gözlənilir. İyulun 5-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək: “Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti müşahidə olunacaq. Cənub küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən  şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz saatlarında 35-39 dərəcə isti olacaq. Bölgələrdə də yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək”.

 

Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu  ötən günlərlə müqayisədə 7-8-də 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. Azərbaycanın rayonlarında havanın temperaturunun gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 43 dərəcə isti, dağlarda gecə 17-22, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

 

İyulun 5-i günün ikinci yarısından 8-i səhərədək Bakıda və Abşeron yarımadasında havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcəyi  gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 5-i günün ikinci yarısından 8-dək Abşeron yarımadasında güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, ötən günlərlə müqayisədə havanın temperaturunun tədricən aşağı enməsi müsbət amildir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR