Qusarda II Beynəlxalq Tələbə Konfransı başladı

Bu gün Qusar şəhərində "Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar" mövzusunda II Beynəlxalq Tələbə Konfransı başlayıb.

 

APA TV-nın şimal bürosunun məlumatına görə, BP şirkətinin dəstəyi ilə təşkil olunan konfransın açılış mərasimində Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin prezidenti, professor Devid Uiddouson, Uruqvay Milli Gömrük Direktorluğunun rəhbəri Enrike Kanon və Gürcüstan Gömrük Departamentinin rəhbəri Vladimer Xundadze iştirak edib.

 

DGK sədri açılış mərasimində qonaqları salamlayıb, konfransın əhəmiyyəti barədə danışıb: "31 ölkən 150-dən çox iştirakçı qatılıb. Ölkəmizin mədəniyyətini, inkişafını göstərmək üçün çox yaxşı fürsətdir. Son illər peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetiririk. Keçən il ilk dəfə ölkəmizdə keçirilib. Səviyyə o qədər yüksəkdir ki, məruzəçilər Nobel mükafatçılarıdır".

 

Konfransın fəxri qonağı - Arizona Dövlət Universitetinin professoru, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Edvard Preskottun "ABŞ iqtisadiyyatının mövcud vəziyyəti" mövzusunda çıxış edəcək. İyulun 3-də isə digər fəxri qonaq - London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin professoru, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Kristofer Pissarides "Robotlar və süni intellekt dövründə fəaliyyət" mövzusunda məruzə edib. O, gömrük sahəsində dünyada çalışan, fəaliyyət göstərən ən qabaqcıl peşəkarlardan bilik və bacarıqların öyrənilməsi üçün konfransın çox gözəl bir imkan olduğunu vurğulayıb. Onun fikrincə, Azərbaycan gömrüyünü təşkil edən gənclər belə bir ünsiyyətdən yalnız qazanacaqlar.

 

Konfransa Azərbaycan da daxil olmaqla 31 ölkədən gömrük sahəsində ixtisaslaşan elm adamları, eləcə də məşhur gömrük mütəxəssisləri qatılıb.

 

Xatırladaq ki, I Beynəlxalq Tələbə Konfransı "Gənclərin dialoqu - beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolu ilə potensialın artırılması" mövzusunda 2016-cı ilin iyun-iyul aylarında Qəbələ şəhərində keçirilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR