Tələbələrin yataqxana problemi: ÇIXIŞ YOLU NƏDƏDİR?

Dərs ili başlamadan kirayə ev tutmaq tələbələrin və valideynlərin ən böyük qayğısına çevrilir. Halbuki universitetlərin yataqxanaları bu məsələnin əsas həlli yolu olmalıdır. Mövcud vəziyyətə baxdıqda isə görünür ki, əksər universitetlərin ya yataqxanası yoxdur, ya da olanların əksəriyyəti tələbələrin yaşaması üçün münasib deyil.

 

Məsələ ilə bağlı bir neçə universitetlə əlaqə saxladıq. Məlum oldu ki, Azərbaycan Pedaqoji Universitetinin 4 yataqxana binası var ki, onların da hamısında məcburi köçkünlər yerləşdirildiyindən, tələbələr qəbul oluna bilmir.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində də bənzər hal yaşanır və onlar da yalnız 100 əcnəbi  tələbəni yataqxanalarında yerləşdirə bilirlər.

 

Memarlıq və İnşaat Universitetinin 6 yataqxanası var. Amma bu yataqxanaların cəmi ikisi tələbələrin ixtiyarına verilib. Digər 4 yataqxanada 2400 məcburi köçkün məskunlaşıb.

 

Dövlət İqtisad Universitetinin yataqxanalarında məcburi köçkünlər məskunlaşıblar. Buna görə də universitet tələbələri yerləşdirməyə yer tapmır.

 

Bakı Dövlət Universitetinin də hazırda tələbə yataqxanası yoxdur. BDU-nun rektoru, akademik Abel Məhərrəmov məsələyə belə aydınlıq gətirir: "Məni ən çox narahat edən məqamlardan biri tələbələrin yataqxana probleminin həllidir. Universitetin yataqxanası olmalıdır. Əfsuslar olsun ki, biz hazırda bu imkana malik deyilik. Uzun illərdir məcburi köçkünlər bu yataqxanalarda məskunlaşıblar. Orda məskunlaşan insanların əksəriyyətini işlə də təmin etmişdik. İndi yataqxanalar boşalır. Arzumuz odur ki, yataqxana problemi həll olunsun. BDU Azərbaycan yeganə təhsil ocağıdır ki, dünyanın ən yaxşı universitetləri içərisində 700-cüdür. Biz istərdik ki, bu sıralamada 300-500-cü yerdə qərarlaşaq. Amma yataqxana olmadığına görə biz 100-150 bal həmişə itiririk".

 

Tələbələrin kirayə evlərdə yaşamaq məcburiyyətində qaldığına diqqət çəkən Abel Məhərrəmov qeyd edib ki, Azərbaycanda universitetlərin tələbə yataqxanasının olmasına çox böyük ehtiyac var: "Yataqxana həm də universiteti tamamlayan bir atributdur. Dünya standartında tələbənin 50 faizi yataqxanada qalır. Bizdə 22 min tələbə var. 11 min nəfər  tələbənin yataqxanaya ehtiyacı var. Çox istərdim ki, bu ehtiyac tamamlansın".

 

Rektor tələbələrə təhsil kreditlərinin verilməsi məsələsinə də diqqət çəkib: "Bu gün ölkə iqtisadiyyatının dirçəlməsi tələbə krediti mövzusunu bir daha aktuallaşdırır. Azərbaycan qloballaşır, dünyaya inteqrasiya edir. Artıq bütün xaricdə olan tələbələr də bilir ki, inkişaf etmiş ölkələrdə tələbə krediti mövcuddur. Bu o deməkdir ki, gənclər valideyn hesabına deyil, dövlət və gənc arasında bağlanmış müqavilə əsasında oxuyur. Bunlar tələbələr üçün ən vacib məsələlərdir. Hesab edirəm ki, sosial vəziyyət tədricən yaxşılaşdıqca, bu məsələnin öz həllini tapması yaxşı olardı".

 

Rektor tələbə kreditinin əhəmiyyətindən danışarkən qeyd edib ki, bu zaman tələbələr təhsil aldıqları müddətdə sosial çətinlikdən uzaq olacaq, ödəniş üçün vəsaiti asan tapa biləcəklər. Çünki təhsil haqlarını ödəyə bilməyən minlərlə istedadlı gəncin təhsildən kənarda qalmasının qarşının alınması vacibdir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR