Qəbələdə keçirilən beynəlxalq yarış və respublika birinciliyi başa çatdı

Qəbələ rayonunda keçirilən “Gənc xilasedici” V Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” VI Ümumrespublika birinciliyinin qalibləri mükafatlandırılıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNICEF-in Bakı ofisinin, Təhsil və Gənclər və İdman nazirliklərinin dəstəyi ilə Qəbələdə keçirilən yarışların iyulun 1-də bağlanış mərasimi olub.

 

Əvvəlcə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov Qəbələ şəhərində yarışların iştirakçısı olan gənc yanğınsöndürən və xilasedicilərin təliminə baxış keçiriblər. Nazir Kəmaləddin Heydərov ilk öncə yarışın keçirildiyi ərazidə komandaların üzvləri ilə görüşərək onların sıra hazırlığı, geyimi, fiziki və taktiki hazırlığı tanış olub, xilasedici və yanğından mühafizə komandalarının fövqəladə hallara hazırlıq vəziyyəti, onların təlimləri, müxtəlif texnikalardan istifadə etmək bacarıqları ilə maraqlanıb.

 

Sonra komandalar şərti olaraq Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində baş verən yanğının söndürülməsi, oteldə köməksiz vəziyyətdə qalan insanların xilas edilməsi əməliyyatını uğurla başa vurublar. Təlimdən sonra mərkəzin damına çıxan gənclər orada alovla suyun mübarizəsini və sonda suyun qalib gəlməsini səhnələşdiriblər.

 

Daha sonra yarışda qalib gələn komandaların mükafatlandırılması mərasimi keçirilib. Beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Gürcüstan, üçüncü yeri Rusiya və Belarus komandaları tutub. Ümumrespublika birinciliyində isə birinci yerə Bakı şəhər 220 orta nömrəli məktəbin, ikinci yerə Mingəçevir şəhər 13 nömrəli orta məktəbin, üçüncü yerə isə Sumqayıt şəhər 9 nömrəli orta məktəbin komandaları layiq görülüb.

 

Nazirlər Kəmaləddin Heydərov, Mikayıl Cabbarov və Azad Rəhimov ilk üç yeri tutan komandaların iştirakçılarına fəxri fərman və qiymətli hədiyyələr təqdim edib. Kəmaləddin Heydərov mərasimə yekun vuraraq qeyd edib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz gündən-günə inkişaf edir, bütün sahələrdə uğurlar qazanılır. Azərbaycan xalqı Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevlə, eyni zamanda dövlətimizin başçısı da öz xalqı ilə qürur duyur.

 

Sonda beynəlxalq yarışın iştirakçısı olan 9 ölkənin milli rəqs və mahnılarının ifa edilməsi mərasimə xüsusi rəng qatıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR