Mübariz Qurbanlı: "Dinimiz prezident İlham Əliyevin himayəsi altında qorunur"
“Abdulla Şaiq küçəsində yerləşən Hacı Cavad məscidi köhnə tikili olub. 1907-ci ildə tikilən bina əvvəllər mənzil olsa da, sonradan ibadət üçün məscidə uyğunlaşdırılıb. Lakin burada məscid üçün lazımi şərait yox idi”. Bunu APA-ya açıqlamasında Hacı Cavad dini icmasının sədri Kənan Əzizov deyib.
K.Əzizov qeyd edib ki, Hacı Cavad məscidinin Şərifzadə küçəsində inşa olunacağı yeni ərazinin sahəsi 14 sotdur: “Biz artıq ərazi ilə tanış olmuşuq. Yeni tikilən məscid köhnə məsciddən fərqli olaraq, daha geniş və daha gözəl olacaq. Azərbaycan prezidenti cənab İlham Əliyev sağ olsun ki, məscid köçürmə ərazisinə düşdükdən sonra göstəriş verdi, xüsusi komissiya yaradıldı və yeni ünvanda məscidin inşası üçün tapşırıq verildi. Bu, çox humanist, çox müdrik qərardır. Buna görə cənab prezident İlham Əliyevə öz təşəkkürümüzü bildiririk”.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Hacı Cavad məscidi ilə bağlı müvafiq komissiyanın üzvü Hacı Fuad Nurullayev deyib ki, Abbas Mirzə Şərifzadə-1 ünvanında tikilən məscidin bir il ərzində istifadəyə veriləcəyi gözlənilir: “Yeni ünvanda tikilən məscid Azərbaycan prezidenti tərəfindən möminlərə ən böyük hədiyyələrdən biri hesab olunmalıdır. Biz dövlətimizə, cənab prezidentə buna görə çox təşəkkür edirik, çox razıyıq. Ramazan ayında dindarların iştirakı ilə məscidin yeni ünvana köçürülməsi barədə qərar verildi ki, bu da mübarək ayda bir müjdə oldu. Hazırda müəyyən qüvvələr var ki, bu məsələni fürsət bilib, ara qızışdırmaq, dini sabitliyi pozmaq istəyir. Amma onlar buna nail ola bilməyəcəklər”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə qeyd edib ki, Bakı şəhərinin Yasamal rayonu ərazisində, Abdulla Şaiq küçəsi-79 ünvanında yerləşən Hacı Cavad məscidinin sadəcə olaraq, yeri dəyişdirilir. Məscid hazırda yeni ünvanda - Abbas Mirzə Şərifzadə 1 ünvanında yenidən tikilir: “Yaxın vaxtlarda həmin məscid mömin insanların istifadəsinə veriləcək. Heç bir problem, narazılıq yoxdur. Sadəcə, bəzi qüvvələr var ki, məsələni başqa məcraya yönəltmək istəyirlər. Bu cür qaragüruha demək istəyirik ki, dinimiz cənab prezident İlham Əliyevin himayəsi altında qorunur. Ona görə də bu mövzu altında kimlərsə hay-küy qaldırırlarsa, dinimizə deyil, başqa məqsədlərə xidmət edirlər. İnanmıram ki, cəmiyyət bu cür adamlara normal münasibət bəsləsin”.
Qeyd edək ki, ərazidəki abadlıq və yenidənqurma işləri ilə əlaqədar Hacı Cavad məscidinin sökülməsi barədə qərar orada ibadət edən bəzi şəxslərin narazılığına səbəb olub. Prezident İlham Əliyev söküntü işlərinin dayandırılması, məsələnin araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıb verib. Komissiya hazırkı məscidin yararsız olduğunu nəzərə alaraq rayon ərazisində yeni yerin ayrılması və möminlər üçün daha geniş məscidin tikilməsi barədə qərar qəbul edib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA