Havanın hərarəti 43 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ

İyulun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu gecə 21-25, gündüz 30-35, bəzi yerlərdə 37 dərəcə isti, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti təşkil edəcək. 

 

Nazirlik havanın temperaturunun yüksələcəyi ilə bağlı xəbərdarlıq edib. Belə ki, iyulun 3-dən 6-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 33-37, bəzi yerlərdə isə 39 dərəcə isti olacağı gözlənilir. İyulun 3-dən 6-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və arabir durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

 

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40 dərəcə isti, dağlarda gecə 14-19, gündüz  25-30 dərəcə isti olacağı gözlənilir. 

 

İyulun 3-dən 7-dək bəzi rayonlarda havanın maksimal temperaturunun 35-40, Naxçıvan MR-də və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 41-43, dağlıq rayonlarda isə 28-33 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR