Nigar Camal komediya filminə çəkilir - ÇƏKİLİŞ MEYDANINDAN REPORTAJ
Kimi qrim olunur, kimi məşq edir, kimi də bir küncdə oturub “motor” deyilməsini gözləyir.
APA TV-nin məlumatına görə, söhbət “Kəklikotu” adlı yeni filmin çəkiliş meydançasından gedir.
Azərbaycanda növbəti komediya filminin çəkilişlərinə start verilib. “Kəklikotu” adı verilən ekran işi bir çox tanınmış simaları bir araya gətirib. Kamran Ağabalayev üçün bu, Türkiyə ilə Azərbaycanın birgə istehsalı olan “Kızkaçıran”dan sonra ikinci komediya filmidir: “Kızkaçıran”dan sonra heç kim məni komik obrazda görməyib. Məşədi adlı obrazı canlandırıram. Yarı pəltək, yarı dini bilməyən bir obrazdır. Heç vaxt belə obraz canlandırmamışam. Bu da bir ilk olsun. Niyə də yox? İndi çəkilən komediyalarda zarafatların 90 faizi qurşaqdan aşağıdır. Burada hamının bildiyi incə ingilis yumoru var. Məni bu cəlb etdi”.
“Kəklikotu”nun “ətri” "Eurovision 2012"nin qalibi Nigar Camalı da cəlb edib. Bu, onun böyük kinoda ilk işi deyil. 6 il öncə o, “Yahşi cazibe”də epizodik rola çəkilib, amma baş rolda ilk dəfədir. O, şəhər qızı Arzunu canlandırır: “Mən düşünmürdüm ki, "hə" deyəcəyəm. Çünki çox çalışsam da, azərbaycanca bir az çətin olacaq. İndiyə qədər çətindir. Həm də burada kinoların çəkilişi prosesi xoşuma gəlmir. Ona görə istəmirdim. Amma ssenarini göstərəndə mənə maraqlı gəldi və gəlmək istədim. Ancaq narahatlıq var. Ən çox xoşuma gələn şəhər qızını oynamağımdır. Çox istərdim ki, uğurlu film olsun”.
Digər rolların ifaçıları isə illərdir komediya filmlərindən tanıdığımız aktyorlardır. İslam Mehrəliyevi bu dəfə İsmayıl obrazında görəcəyik: “Həyatda İslam, burada İsmayıl. Biz rayondan şəhərə gəlirik. Meyvə-tərəvəz ticarəti ilə məşğuluq. Yolda bizə ot verirlər. O ot isə başqa otdur. Aləm dəyir bir-birinə. Elə bilirik kəklikotudur, amma kəkliyin də o otdan xəbəri yoxdur. Çəkilişlər yaxşı gedir. Düzdür, yaydır, istidir. Adətən, komediya filmlərinin çəkilişlərini yayda edirlər. İnşallah, elə bir ssenari yazılar ki, qışda oynayarıq”.
Müşfiq Şahverdiyev üçün isə bu, çox qısa fasilədən sonra növbəti komediya filmidir: “İlk növbədə sizi setimizdə görməyə şad olduq. Day-day obrazındayam. Günlər gəlib keçir. Artıq dayı obrazı verirlər. Filmdə adım Müsabirdir. Ssenaristlər sağ olsunlar, belə bir ad fikirləşiblər”.
Komediya filminin çəkilişləri əyləncəli məqamlarla yadda qalır: “Bizim bir səhnəmiz var. Nigar maşının yanında deməlidir ki, maşın tüstülənir”, amma o deyir ki, mən tüstülənirəm”.
Müşfiq Şahverdiyev bu obraz üçün kökəlməkdən imtina edib. Aktyor bundan sonra hələ 10 kilo da çəki verməyi planlaşdırır.
Filmdə tanınmış vayner Əlixan Rəcəbov Vazelin Qafar obrazını canlandırır.
Qeyd edək ki, “Kəklikotu”nun quruluşçu rejissorları Vüqar İslamzadə, Cəfər Axundzadə, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, quruluşçu operator Rəşad Qarayev, baş redaktoru Xətai Əli, prodüseri Tural Əsədovdur. Filmdə Aqil M. Quliyev, Mirsalam Mirsalamov da çəkiləcək.
O ki qaldı ada, filmin nəyə görə məhz “Kəklikotu” adlandırılmasını yalnız təqdimatda öyrənmək mümkün olacaq.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA