Deputatlara yaltaqlıq qadağan olunsun! - AZƏRBAYCANDA ŞOK TƏKLİF
Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib.
APA TV-nin məlumatına görə, parlamentin sədri Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 19 məsələ daxil edilib.
Əvvəlcə Ali Məhkəməyə yeni hakimlərin təyin olunması məsələsinə baxılıb. Ali Məhkəmə üzrə hakimlik səlahiyyətinin müddəti 2017-ci il iyunun 19-da başa çatan Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Şəlalə Ağakərim qızı Məmmədova Ali Məhkəmənin hakimi təyin edilib.
“Məhkəmələr və hakimlər haqqında” qanunun 93-4-cü maddəsinə uyğun olaraq Tahir Lələkişi oğlu Kazımov Ali Məhkəmənin hakimi təyin olunub.
Bundan başqa, səlahiyyət müddəti 2017-ci il iyulun 16-da başa çatan Akif Əsgər oğlu İsgəndərov və Əhməd Güləhməd oğlu Nurməmmədov həmin tarixdən Ali Məhkəmənin hakimləri təyin edilib.
Səlahiyyət müddəti 2017-ci il iyulun 28-də başa çatan Mehparə Tofiq qızı Əhmədova, İmran Teymurxan oğlu Hacıqayıbov və Rahib Sahib oğlu Nəbizadə həmin tarixdən Ali Məhkəmənin hakimləri təyin olunub.
Elşanə Rafiq qızı Vəliyeva Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək 2017-ci il iyulun 28-dən Ali Məhkəmənin hakimi təyin edilib. İlham Məmməd oğlu Cəfərov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar 2017-ci il iyulun 28-dən Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilib.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qeyd edib ki, Azərbaycanda məhkəmələrə göstərilən diqqət bu sahəyə inamı artırıb: "Məhkəmədə işlərin sayı xeyli artıb. Hakimlər işlərinin vəzifəsindən layiqincə gəlməyə çalışırlar. Lakin bütün bunlara baxmayaraq, yeni çağırışları nəzərə alaraq hakimlərin iş yükünün azaldılması istiqamətində qanunvericilik islahatları davam edir".
Z.Əsgərovun sözlərinə görə, ötən dövrdə hakimlərin sayı 2 dəfə artırılsa da, Azərbaycanda 100 min nəfərə 6 hakim düşür: "Lakin bu rəqəm Avropa ölkələrində 20-dir. Bu baxımdan ölkəmizdə də hakimlərin sayının artırılmasına ehtiyac var".
İclasda "Deputatın etik davranış qaydaları haqqında” qanun layihəsi də müzakirəyə çıxarılıb. Deputat Qüdrət Həsənquliyev çıxışında bildirib ki, deputat yaltaq olmamalıdır: “Eşitmişəm ki, Özbəkistanda qanunla yaltaqlıq qadağan edilir. Mən təklif edirəm ki, bizdə də bu məsələ əlavə olunsun. Bu cür məmurlar dərhal cəzalandırılmalıdır”.
Milli Məclisin sədri Oqtay Əsədov isə deputata belə cavab verib: “Qüdrət Həsənquliyev, deyəsən, sənin ürəyin doludur. Ay Qüdrət, əgər yaltaqlığın şkalası varsa, denən, onu qoyaq!”
13 maddədən ibarət qanun layihəsi səsverməyə çıxarılaraq ikinci və üçüncü oxunuşda qəbul edilib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA