Almaniya bu dəfə Ərdoğanın ölkədəki türklərlə görüşünə qarşı çıxdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "G20" zirvə toplantısında iştirak etməyi planlaşdırdığı ərəfədə ev sahibi Almaniya rəsmiləri tərəfindən bu ölkə rəhbərliyinə qarşı növbəti sərt bəyanatlar səsləndirilib.

APA TV "Euronews"a istinadən xəbər verir ki, Almaniya xarici işlər naziri Ziqmar Qabriel prezident Ərdoğanın Hamburqda öz tərəfdaşları ilə görüşünə qarşı çıxıb və bunu yolverilməz hesab edib.

"Bizim ölkəmiz açıq bir ölkədir, ancaq digər millətlərin daxili çəkişmələrinin bizim vətəndaşlarımızın qarşısında müzakirə olunmasına icazə verə bilmərik. Burada yaşayan türklər Almaniya vətəndaşı olsa da, olmasa da, onlar bu ölkənin bir hissəsidir. Prezident Ərdoğan da "G-20" sammitinin mühüm qonağıdır və biz onu hörmətlə qarşılayacağıq. Ancaq hazırda bu məsələlərdən kənar digər məqamları münasib görmürük", - deyə alman nazir mətbuat qarşısında çıxışı zamanı bildirib.

Türkiyə XİN-in mətbuat katibi Hüseyn Müftüoğlu isə prezident Ərdoğanın Almaniyadakı türk diasporu ilə görüşünün əngəllənməsinin "təəssüf verici" olduğunu dilə gətirib.

Almaniya XİN bundan əvvəlki müraciətində isə ABŞ tərəfindən axtarılan türkiyəli prezident mühafizəçilərini Hamburq zirvə toplantısı çərçivəsində öz ölkəsində görmək istəmədiklərini bəyan etmişdi.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR