Mikayıl Cabbarov: "2020-ci ilədək məktəbəqədər təhsilin əhatə dairəsini 90%-ə çatdırmaq niyyətindəyik"

Universitetlərə publik hüquqi şəxs statusunun verilməsindən sonra hüquqi-təşkilati formanın dəyişdirilməsi, ölkə qanunvericiliyi ilə uyğunlaşdırılması prosesi gedir.

 

APA TV-nin xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu proses çərçivəsində universitetlərin daxili idarəetmə strukturları dəyişdirilir: "Universitetlər prizmasından bu, daha dayanıqlı universitetlərin, ölkədaxili və regional səviyyədə rəqabət apara bilən universitetlərin yaradılmasına, burada fəaliyyət göstərən müəllim və professorların və təhsil alan tələbələrin öz potensialının tam şəkildə reallaşdırılmasına imkan verəcək".

 

Nazir ölkədə fəaliyyət göstərən məktəblərin böyük qismində məktəbəqədər hazırlıq kurslarının təşkili prosesin davam etdiriləcəyini də deyib. Onun sözlərinə görə, son bir ildə ölkədə 5 yaşlı uşaqların məktəbəqədər təhsillə əhatə dairəsi 55 faizə çatıb: "Proqnozlara əsasən, 2020-ci ilədək məktəbəqədər təhsilin əhatə dairəsini 90%-ə çatdırmaq niyyətindəyik. Bu, çox iddialı hədəfdir".

 

Nazir peşə təhsili sistemində təhsil müəssisələrinin optimallaşdırılması prosesinin də davam etdiyini deyib. Bildirib ki, artıq bir çox peşə təhsil müəssisələri optimallaşdırılıb, onların bazasında daha böyük imkanlara və geniş resurslara malik olan peşə tədris mərkəzləri yaradılıb. Əsas məqsəd peşə təhsilinin keyfiyyətini artırmaqla peşə təhsili müəssisələrini bitirən hər bir məzunun iş tapması imkanlarını asanlaşdırmaqdır: "Burada həm sosial müdafiəyə ehtiyacı olan kadrlara dair alətlər tətbiq edilir, həm də təhsilin keyfiyyətinin artırılması üçün müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə tədbirlər həyata keçirilir".

 

Qeyd edək ki, bu gün Bakıda Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda beynəlxalq seminar keçirilib.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR