Məhəbbət Vəliyeva: “Məktəblərdə sıxlıqla bağlı problemlər hələ də qalır”
Ötən tədris ilindən fərqli olaraq, bu il məktəbəqədər hazırlıq qruplarına uşaqların 65%-i cəlb ediləcək.
APA TV-nin xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib ki, ötən tədris ilində bu rəqəm 55% olub. Bu il ayrılan əlavə 10% yer əsasən Bakı ətrafı qəsəbələri əhatə edəcək.
M.Vəliyeva qeyd edib ki, təhsil idarəsi son 2 ildə I sinfə qəbulu elektron sistem vasitəsilə həyata keçirir. Bu il məktəbə hazırlıq qruplarına qəbul da həmin sistemə inteqrasiya edilir və bununla bağlı hazırda proqramda müvafiq işlər aparılır: “Güman edirəm ki, sentyabrın əvvəllərində məktəbə hazırlıqla bağlı işləri yekunlaşdırıb valideynlərin istifadəsinə verəcəyik. Məktəbə hazırlıqda ərazi prinsipini tam tətbiq etmək mümkün olmayacaq. Çünki söhbət 65% uşağın məktəbə hazırlığa cəlb edilməsindən gedir. 2 növbəli məktəblərdə nəinki bu gün, gələcəkdə də məktəbə hazırlıq təlimlərini təşkil etmək mümkün olmayacaq. Amma Bakının 12 rayonunun hər birində məktəblərdə məktəbə hazırlıq təşkil olunacaq. Biz məktəbə hazırlıq mərhələsində bütövlükdə ərazi prinsipini tam tətbiq etməyə hazır deyilik”.
“Məktəblərdə sıxlıqla bağlı problemlər hələ də qalır” - deyən Məhəbbət Vəliyeva bildirib ki, bu məsələ yalnız Təhsil Nazirliyinin problemi deyil, ümumiyyətlə, ərazidə məskunlaşma ilə əlaqəli problemdir.
Məhəbbət Vəliyeva qeyd edib ki, məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür. Aparılan müzakirələr məktəblərdə formativ qiymətləndirmə ilə bağlı yanaşmaların bütün müəllimlərə tam aydın olmadığını deməyə əsas verir. Növbəti tədris ilində əsas hədəflərdən biri qiymətləndirməyə nəzarəti gücləndirmək və bu sahədə birgə fəaliyyəti təşkil etməkdir: “Bu gün məktəbdaxili qiymətləndirmənin vacib komponentlərindən biri də formativ və summativ qiymətləndirmədir. Məktəbdaxili mühitin sağlamlaşdırılması, yaradıcı imkanlardan istifadəyə xüsusi yer ayrılır. Məktəb mühitində hər şey sağlam mühit və münasibətlərdən başlanır. Hər 3 müstəvidə - valideyn-şagird-müəllim münasibətlərinin sağlamlığı keyfiyyətə təsir edən vacib amildir”.
Məhəbbət Vəliyeva I sinfə qəbul zamanı lisey və gimnaziyaları seçən uşaqların imtahanlardan keçmədikləri halda, sonradan məktəblərə qəbul olub-olmayacağı ilə bağlı yaranan narahatlığa aydınlıq gətirib. Bildirib ki, lisey və gimnaziyalara qəbul olunmayan uşaqlar digər məktəblərə yerləşdiriləcək: “Bəzi məktəblərdə qəbul prosesi artıq bitib. Valideynlər övladlarının lisey və gimnaziyalarda təhsil almasına üstünlük veriblər. Onlar uşaqların adi məktəblərdə təhsil almasını seçməyiblərsə, sonradan yaranan narazılıqlarını başa düşürəm. Amma təəssüf ki, bütövlükdə bu proses cəmiyyətin ixtiyarına verilib. Düşünürəm ki, istədiyi məktəbə qəbul olma imkanı olmayan uşaqlar da ərazidəki digər məktəblərə yerləşdiriləcək”.
M.Vəliyeva qeyd edib ki, bu günlərdə məktəblərə qəbulun nəticələri açıqlanacaq: “Hələlik bununla bağlı idarəyə müraciətlər olunmayıb. Əhalini tam əmin etmək istəyirəm ki, bütün müraciətlərə həssaslıqla baxılacaq və uşaqların məktəblərdə yerləşdirilməsini yerinə yetirəcəyik”.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA