DSX məktəblilərin “Sərhəd” hərbi idman oyunlarına yekun vurdu
Dövlət Sərhəd Xidməti (DSX) sərhədlərimizin etibarlı mühafizəsini təmin etməklə yanaşı gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində mühüm tədbirlər həyata keçirir.
DSX mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümünə həsr olunmuş, üç mərhələdə keçirilən hərbi idman oyunlarında bu il 27 sərhədyanı rayonun 141 məktəbinin 705 şagirdi iştirak edib.
İlk iki mərhələnin yekunlarına görə 8 komanda finala vəsiqə qazanıb. Oyunların final mərhələsi iyun ayının 19-dan 24-dək Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsinin Astara sərhəd komendantlığında keçirilib. Oyun iştirakçıları üçün yaradılmış şərait məktəblilərə öz bacarıqlarını tam və sərbəst şəkildə nümayiş etdirməyə imkan verib.
Final mərhələsində komandalar “Sıra hazırlığı”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili”, “Avtomatın sökülməsi və yığılması”, “Sərhəd pozucusunun yaxalanması və təxliyəsi”, “Tüfəngdən hədəfə atəş açmaq”, “Maskalanma”, “Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi” və “Ləpirçilik” mərhələlərində öz bacarıqlarını nümayiş etdiriblər.
Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər hərbi hissədə yaradılmış şəraitlə tanış olmuş, bir sıra maraqlı ekskursiyalara aparılıb, çoxsaylı mədəni-kütləvi tədbirlərə, bilik və idman yarışlarına qatılıblar.
Final mərhələsinin yekunlarına görə Naxçıvan şəhər 2 №-li tam orta məktəbinin “Şimşək” komandası birinci, Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbinin “Ləkin” komandası ikinci, Beyləqan rayonu Araz qəsəbəsi 1 №-li tam orta məktəbinin “Araz” komandası isə üçüncü yeri tutublar.
İyun ayının 24-də Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə Dövlət Sərhəd Xidmətinin, Gənclər və İdman Nazirliyinin və Təhsil Nazirliyinin rəsmiləri qalib komandaları təbrik edərək “Sərhəd” hərbi-idman oyunlarının gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulayıblar.
Tədbirdə qaliblər kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA