Ərdoğan: "Türk ordusu ikinci dəfə Suriyaya girməyə hazırdır"

"Türkiyənin sərhədlərinə təhlükə yaranarsa, Suriyanın şimalında daha bir hərbi əməliyyat keçirməyə hazırıq". APA TV-nin məlumatına görə, bunu Rusiya mətbuatına Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.   

 

"Hazırda Suriyada mənfi proseslər baş verməkdədir. Əgər bu Türkiyənin sərhədlərinə təhlükə yaradacaqsa, biz "Fərat qalxanı" əməliyyatı zamanı olduğu kimi reaksiya verəcəyik", - deyə prezident qeyd edib.

O əlavə edib ki, PYD/YPG-dən Rəqqa əməliyyatından sonra silahların geri alınacağı barədə ABŞ-ın bəyanatı Türkiyəni aldatmaq məqsədi daşıyır.

 

Ərdoğan əlavə edib ki, Ankara bundan əvvəl Mənbic və Rəqqa şəhərlərini terrorçulardan azad etməyi təklif etmişdi, lakin qərb tərəfdaşlar kürd terror qruplaşmalarını dəstəkləməyə üstünlük verib.  

Bu arada Türkiyə ərazisi Suriyanın Afrin bölgəsindən atəşə məruz qalıb. Türk Silahlı Qüvvələri atəşin 20 dəqiqə davam etdiyini bəyan edib, daha sonra qarşı tərəfə cavab atəşi açılıb.

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR