Polşa prezidenti: "Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyirik"

İyunun 27-də Azərbaycan prezidenti İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub.

 

APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Polşa Prezidentinin sarayına gəlib.

 

Polşa prezidenti Andjey Duda Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb. Azərbaycanın və Polşanın dövlət himnləri səsləndirilib.

 

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Polşa prezidenti Andjey Dudanın təkbətək görüşü keçirilib. Görüşdə Azərbaycanla Polşa arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub. Azərbaycan prezidenti İlham Əliyevin Polşaya rəsmi səfərinin münasibətlərimizin inkişafı baxımından önəmi xüsusi vurğulanıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

 

Sonra Azərbaycan prezidenti İlham Əliyevin və Polşa prezidenti Andjey Dudanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Görüşdə Polşa prezidenti ölkələrimiz arasında siyasi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirib, qarşılıqlı ticarət dövriyyəsinin daha da artırılmasının vacibliyini qeyd edib. İqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirən prezident Andjey Duda bu sahədə imkanların araşdırılması baxımından Azərbaycan-Polşa biznes forumunun və imzalanan sənədlərin əhəmiyyətini vurğulayıb.

 

Prezident Andjey Duda bildirib ki, Polşa Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında həll olunmasını dəstəkləyir.

 

Prezident İlham Əliyev Azərbaycan-Polşa siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib, bu səfərin ikitərəfli münasibətlərin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Dövlət başçısı ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb, bu baxımdan Azərbaycan-Polşa biznes forumunun əhəmiyyətini qeyd edib.

 

Söhbət zamanı həmçinin nəqliyyat, dəmir yolu, energetika, infrastruktur, kənd təsərrüfatı, maşınqayırma, turizm, ərzaq, tikinti, əczaçılıq sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR