Xalq artisti Qəndab Quliyeva torpağa tapşırıldı
Xalq artisti Qəndab Quliyeva ilə vida mərasimi keçirilib. APA TV-nin məlumatına görə, xanəndə ilə vida mərasimi Təzəpir məscidində olub.
Qeyd edək ki, Q.Quliyeva iyunun 16-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiya bölməsinə yerləşdirilib. Oğlu Hafiz Həmidov bildirib ki, anasının səhhətindəki problemlər bu ilin əvvəlindən özünü daha çox büruzə verib: "Fevralın 11-də insult keçirmişdi. 20 gün Daxili İşlər Nazirliyinin Hospitalında reanimasiyada yatdı. Evə gətirdik. Özünü normal hiss edirdi. 15-20 gün dedi ki, ürəyimdə sıxıntı var. Xəstəxanaya apardıq, sistem qoşuldu. Amma sistemi qəbul eləmədi. Mərkəzi Klinik Xəstəxanaya apardıq. Dedilər ki, üç damar tutulub. Stend qoyuldu. Apreldə yenidən özünü pis hiss etdiyini dedi. Ağciyərinə su yığılmışdı. Müalicə ilə çəkildi. Sonuncu dəfə də yenə ciyərinə su yığıldı. Palata şəraitində müalicə aldı. Ayın 20-si yanında idim. Resept almaq üçün getdim. Həkim zəng elədi, qayıtdım. Hiss edirdim ki, süni nəfəsdədir. Nə oldusa, palatada oldu. Son arzusu nəvələrinin toyunu görmək idi. Amma qismət olmadı".
Vida mərasimində tanınmış xanəndələr, incəsənət xadimləri iştirak ediblər.
Əməkdar incəsənət xadimi Hafiz Quliyev bildirib ki, Qəndab xanım Azərbaycan incəsənəti üçün çox işlər görmüş sənətkarlardandır: “Akademik Opera və Balet Teatrında da işləmişdi. Azərbaycan operalarında baş rolları oynamışdı - Leyli, Şahsənəm, Ərəbzəngi. Yaratdığı obrazlarım hamısında özünəməxsus dəst-xətt qoymuşdu. Eyni zamanda muğam sənətində böyük xidmətləri olub. Allah rəhmət eləsin, ruhu şad olsun!”
Xanəndə Qoçaq Əsgərovun sözlərinə görə, Qəndab xanım özəlliyi ilə seçilən xanəndə olub: “Uzun illər Leyli obrazını canlandırıb. Oxuduğu muğamlar həmişə rəngarəng olub. Onunla bağlı veriliş hazırlamışıq. Onun xatirəsini anmaq üçün bu gün efirə gedəcək. Allahdan ona rəhmət diləyirəm”.
Əməkdar artist Baloğlan Əşrəfov bu itkidən sarsıldığını söyləyib: “Allah Qəndab xanıma rəhmət eləsin! Bilirsiniz ki, 10 il öncə ağır xəstəlikdən qurtuldum. Mən qayıdanda Qəndab xanım mənim üçün qurban kəsdirdi. Allah onun ruhunu şad eləsin. Dünən eşitdim. Mən onu çox istəyirdim. Mənə çox pis təsir elədi”.
Xalq artisti vəsiyyətinə uyğun olaraq dəfn olunmaq üçün Binə kənd qəbiristanlığa aparılıb. Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA