“Bayram bazarı”nda külli miqdarda narkotik satmaq istədi

Zaqatalada təşkil olunmuş “Bayram bazarı”nda külli miqdarda narkotik vasitəni satmaq istəyən Şəki rayon sakini həbs edilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə iyunun 25-də rayonun Əliabad qəsəbəsi ərazisində, Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral avtomobil yolunun kənarında Ramazan ayının sona çatması ilə bağlı təşkil edilmiş yarmarkada qeydə alınıb.

 

Şəki rayonunun İnçə kənd sakini, 1958-ci il təvəllüdlü Osman Rəcəb oğlu Salamov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

 

Hal şahidlərinin iştirakı ilə onun əlindəki idman çantasına baxış zamanı çantanın içərisində 5 kq 565 qr çəkidə narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Osman Salamov ilkin ifadəsində Qax rayonu ərazisində yabanı halda bitmiş çətənə kollarından toplayaraq qurutduğu külli miqdarda olan marixuananı gözünü müalicə etdirmək üçün satmaq istədiyini bildirib.

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR