Sabahın dörd alimi - REPORTAJ

Dörd dost, dörd ürək, dörd yoldaşıq biz,

Birdir arzumuz, diləklərimiz.

 

Söhbət bu günlərdə Türkiyənin İzmir şəhərində keçirilən Beynəlxalq İnformatika Olimpiadasının 4 qalibindən gedir.

 

Bu günlərdə Türkiyə, Azərbaycan, Orta Asiya və Şərqi Avropa ölkələrinin şagirdləri arasında keçirilən olimpiadada Azərbaycan məktəbliləri 2 gümüş və 2 bürünc medal əldə ediblər.

 

27 saylı orta məktəbin 10-cu sinif şagirdi Rəfael Sadəttinov texniki elmlərə daha çox bağlı olduğunu deyir. Humanitar fənləri də yaxşı oxuduğunu deyən müsahibimiz qeyd edib ki, gələcəkdə riyaziyyatçı olmağı qarşısına məqsəd qoyub. Respublika İnformatika Olimpiadasının qalibi olan Rəfael biliklərini beynəlxalq olimpiadada sınayıb: "Çox sevinirəm ki, komandamızın bütün üzvləri yerə layiq oldu. Mükəmməl olimpiada keçirildi. Qarşıda iştirak edəcəyimiz daha iki olimpiada bizi gözləyir. Sloveniya və İranda keçiriləcək beynəlxalq olimpiadalara da artıq vəsiqə qazanmışıq".

 

Ziya Muxtarov Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdidir. İzmir Olimpiadasının onun üçün çox çətin olmadığını deyən medalçı 10 sualdan hər birini ətraflı cavablandırdığını dilə gətirib: "Əvvəlcə respublika üzrə seçimdə iştirak etdim. İnformatika fənni üzrə biliklərimi sınadım. Ölkə üzrə seçilən ən yaxşı dörd şagirddən biri də mən oldum. Elə həmin dördlüklə də olimpiadaya qatıldıq. Qarşıda bizi daha bir Beynəlxalq İnformatika Olimpiadası gözləyir. Çox böyük əzmlə ora qatılmağa hazırlaşıram".

 

Abutalıb Namazov isə fizika-riyaziyyat təmayüllü liseyin 8-ci sinfində təhsil alır: "Sualların hamısı asan deyildi. Çətin suallar daha çoxdur. 10 sualı cavablandırdıq. Yaxşı keçdi, demək olar ki, ölkəmizi layiqincə təmsil etdik. Rəqiblərimiz güclü idi. Onlar bu olimpiadadan əvvəl də bir sıra digər beynəlxalq yarışların birinci yerinə sahiblənmiş şagirdlər idi".

 

"Sevdiyin fənni daha yaxşı mənimsəmək üçün daha çox çalışmaq lazımdır" deyən Akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Ələkbər Əsgərov da qalib şagirdlərdəndir: "Olimpiada çox mükəmməl təşkil olunmuşdu. Dörd ölkə şagirdləri informatika üzrə biliklərini sınadı. Olimpiadadan əvvəl İzmirdə kiçik şəhər turu keçirildi. Suallar isə çox çətin oldu. Buna baxmayaraq, öhdəsindən gəldik".

 

Akademik Zərifə Əliyeva adına liseyin direktoru, əməkdar müəllim Mehriban Vəliyeva isə imza atdıqları növbəti qalibiyyətdən söz açdı: "Çox qürurverici bir haldır. Artıq neçə illərdir ki, beynəlxalq olimpiadalara mərkəzləşmiş hazırlıq işləri görülür. Biz də lisey daxilində texniki fənlər üzrə maraqlanan və eyni zamanda qabiliyyəti olan şagirdləri dərsdən kənar proqramlaşdırmaya cəlb edirik. Onları xüsusi mütəxəssislər hazırlaşdırır. Mütəmadi olaraq onlar müsabiqələrdə iştirak edir, seçim yolu ilə beynəlxalq komandalara düşə bilirlər".

 

Şagirdlərimizi təbrik edirik! 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR