Balakəndə bayram günü faciəsi: ailənin başçısı öldü, üç üzvü yaralandı

Bayram günü Balakəndə baş verən ağır yol qəzasında bir ailənin bir üzvü ölüb, daha üç üzvü isə ağır xəsarət alıb.

 

APA TV-nin məlumatına görə, hadisə Balakən-Qazma avtomobil yolunda baş verib.

 

Rayonun Qazma kənd sakini, 1941-ci il təvəllüdlü Rəhim Alı oğlu Bayramovun idarə etdiyi “VAZ-2106” markalı 08 BE 941 dövlət nömrə nişanlı minik avtomobili ilə 1990-cı il təvəllüdlü həmkəndlisi Tamerlan Sabir oğlu Atayevin idarə etdiyi “Mercedes” markalı 08 BF 891 dövlət nömrə nişanlı avtomobil toqquşub. Qəzadan sonra "VAZ-2106" markalı avtomobilin sürücüsü Rəhim Bayramov, onun həyat yoldaşı, 1947-ci il təvəllüdlü Zərnişan Sarı qızı Bayramova, 2013-cü il təvəllüdlü nəvəsi Zərnişan Taleh qızı Bayramova, 1969-cu il təvəllüdlü gəlini Əminə Kamal qızı Bayramova və "Mercedes"in sürücüsü Tamerlan Atayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

 

Balakən MRX-dan APA TV-yə verilən məlumata görə, yaralılardan 76 yaşlı Rəhim Bayramov xəstəxanaya daxil olduqdan az sonra aldığı ağır bədən xəsarətlərindən ölüb. Onun 70 yaşlı həyat yoldaşı Zərnişan Bayramova və 4 yaşlı nəvəsi Zərnişanın üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra reanimasiya şöbəsinə yerləşdiriliblər. Ailənin gəlini Əminə Bayramova və digər sürücü Tamerlan Atayev isə xəstəxananın cərrahiyə şöbəsindədir, vəziyyətləri orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR