Bakıda sərxoş sürücü avtomobilini park edərkən 7 qonşunun maşınını əzdi

Bakının Binəqədi rayonunda sərxoş sürücü 7 qonşunun maşınını əzib. APA TV-nin məlumatına görə, hadisə Atatürk prospekti 65 ünvanında baş verib.

 

“Hyundai” markalı avtomobilin sürücüsü Rasim Kazımov öz avtomobili ilə sərxoş vəziyyətdə evinə gəlib. O, binanın həyətində avtomobilini park etmək istəyərkən qonşulara məxsus maşınları əzib. Hadisə nəticəsində 7 avtomobilə ciddi ziyan dəyib. Maşınlardan elələri var ki, Rasim Kazımov avtomobili ilə onu dörd dəfə vurub. Qonşulardan birinə məxsus “Nissan” markalı avtomobil zərbənin gücündən həyətin küçə divarını dağıdıb. Dağılan divar isə yol kənarında dayanmış “Toyota Prado” markalı avtomobilin üstünə aşıb.

 

Hadisəni törədən sürücü Rasim Kazımov xəsarət alıb. Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Sərxoş sürücü əvvəlcə tibbi yardım üçün xəstəxanaya, daha sonra isə polis idarəsinə aparılıb. Rasim Kazımov saxlanılarkən anlaqsız vəziyyətdə olub. Qonşular və polis əməkdaşları ona həyətdə nə baş verdiyini izah edə bilməyiblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR