Torpaq sürüşməsi və güclü yağışlar Çinin cənubunda həyatı iflic edib

Çinin cənub-qərbindəki Sıçuan əyalətində meydana gələn sürüşmə nəticəsində ölənlərin sayı 25-ə çatıb. Axtarış-xilasetmə qrupları bazar günü daha 10 nəfərin meyitini çıxarıb.

APA TV "Associated Press" agentliyinə istinadən xəbər verir ki, sürüşmədən sonra 140-dan çox insan da itikin düşüb. Həmin insanların tapılması üçün axtarış-xilasetmə işləri davam edir. Axtarışlara 3 mindən çox xilasedici cəlb olunub.

"Uçqun nəticəsində qaya parçaları və torpaq qatı altında qalanların sağ olaraq xilasına ümid çox azdır. Sürüşmənin baş verdiyi bölgə olduqca dar bir sahədir və burada geniş diametrdə xilasetmə əməliyyatlarını reallaşdırmaq olduqca çətindir. Qayaların yenidən düşməsi təhlükəsi də daha dərin qazma işlərinə imkan vermir", - Sıçuan əyalətinin qubernator köməkçisi Van Minxuey jurnalistlərə açıqlamasında belə deyib.

Torpaq sürüşməsi ilə yanaşı Çinin cənub və şərqində həddindən artıq yağan yağışlar həyatı iflic vəziyyətə salıb.

Yağışların səbəb olduğu sel təxminən 1 milyon adama ziyan vurub. Cənubdakı Hunan şəhərində 76 min adam evlərindən evakuasiya edilib.

Meteoroloqlar isə ciddi maddi ziyana gətirib çıxaran yağışların daha üç gün davam edəcəyi barədə xəbərdarlıq edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR