Qusarda eramızdan əvvələ aid olan qəbiristanlıq aşkarlandı
Qusar rayonu ərazisində aşkarlanan qədim qəbiristanlığın eramızdan əvvəl I-II minilliklərə aid olduğu müəyyənləşib. APA TV-nin yerli bürosunun məlumatına görə, mütəxəssislər qəbiristanlığın ərazisinin böyüklüyünü nəzərə alaraq, yaxınlıqda qədim yaşayış yerinin olduğunu ehtimal edirlər.
Qədim qəbiristanlıq Zindan Muruq kəndində yerləşir. Əvvəllər bu qəbiristanlığın orta əsrlərə aid olduğu güman olunurdu. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri tərəfindən aparılan araşdırmalar nəticəsində isə ərazinin daha qədim dövrlərin yadigarı olduğu müəyyənləşib.
İnstitutun aparıcı elmi mütəxəssisi, arxeoloq Qəhrəman Ağayev bildirib ki, rayon ərazisində araşdırmalar XX əsrin 60-70-ci illərində qeydə alınmış arxeoloji abidələrə nəzər yetirmək, onların hazırkı durumunu öyrənmək, indiyədək aşkar edilməyən arxeoloji abidələri də ortaya çıxarıb tədqiq etmək məqsədilə aparılır: "Bizim məqsədimiz kəşfiyyat işləri aparmaqdır. Gələn ildən həmin unikal abidlərdə qazıntı işləri aparırıq. Hazırda Qusarda 3 istiqamətdə araşdırma aparılır. 3-4 yeni abidə aşkar etmişik".
İyun ayının əvvəllərindən rayonda olan ekspedisiya qrupu tərəfindən Həzrə, Ləzə və digər kəndlərdə kəşfiyyat və araşdırma işləri aparılıb, maraqlı məlumatlar əldə edilib. Bu ərazilərdə dörd yeni tarixi abidə qeydə alınıb. Gələcəkdə burada aşkarlanan tarixi abidələrin ətrafında arxeoloji qazıntı işlərinə başlanılması nəzərdə tutulub.
Qəhrəman Ağayev qeyd edib ki, Qusar rayonunun ərazisi tarixi abidələrlə zəngindir. Burada tarixi hətta enolit dövrünə gedib çıxan abidələrə rast gəlmək mümkündür.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA