Bakıda xəstəyə qan aparan ambulans qəzaya uğradı və aşdı

Bakıda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində, Fətəli xan Xoyski və Əhməd Rəcəbli küçələrinin kəsişməsində baş verib.

 

“Zəfəran” klinikasına məxsus avtomobil Fətəli xan Xoyski küçəsi ilə hərəkətdə olarkən Əhməd Rəcəbli küçəsi ilə hərəkət edən “Daewoo” markalı minik avtomobili onu vurub. Zərbənin gücündən təcili tibbi yardım avtomobili yol kəsişməsində aşıb və Fətəli xan Xoyski küçəsi ilə hərəkət edən 67 saylı sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində ambulansın sürücüsü, 1955-ci il təvəllüdlü Əliyev Yelmar Hüseyn oğlu xəsarət alıb. O, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

 

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin məlumata görə, ambulans xəstələrdən biri üçün donor qanı aparırmış. Sürücü Yelmar Əliyev avtomobilin sayrışan işıq və səs siqnallarını işə salıb, işıqforun qırmızı işığında hərəkət edib. Sağdan işıqforun yaşıl işığında hərəkət edən “Daewoo” markalı minik maşınının sürücüsü isə hələlik müəyyən edilməmiş səbəblərdən ambulansa yol verməyib.

 

Qəzanın səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR