Prezident Daxili Qoşunlarının Şirvan şəhərindəki hərbi hissəsinin açılışında iştirak edib

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 23-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərində yerləşən hərbi hissəsinin açılışında iştirak edib.

 

APA TV-nin məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov dövlətimizin başçısına raport verib.
 

Prezident İlham Əliyevə məlumat verilib ki, hərbi hissədəki yeni binaların inşasına 2012-ci ildə başlanıb və 2017-ci ilin mayında inşaat işləri başa çatdırılıb. Ümumi ərazisi 8,5 hektar olan hərbi hissədə qərargah, kazarma binaları, yeməkxana, tibb məntəqəsi və digər binalar inşa edilib.
 

Burada hərbçilərin yüksək səviyyədə xidmət aparmaları üçün hərtərəfli şərait yaradılıb.


Dövlətimizin başçısı əsgər kazarmasında da olub. Müasir səviyyədə yaradılan kazarmada əsgərlərin qalmaları və istirahət etmələri üçün bütün şərait var. Kazarmalar isti döşəmə, həmçinin kondisionerlə təchiz olunub. Kazarmada əsgərlərin asudə vaxtının səmərəli təşkili üçün də geniş imkanlar mövcuddur. Buradakı şərait Azərbaycan dövlətinin ordu quruculuğu, o cümlədən Daxili Qoşunların hərbçilərinin xidmət şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımların ardıcıl xarakter aldığını göstərir. Bu, həm də onu göstərir ki, Azərbaycan əsgəri bu gün ən müasir hərbi hissələrdə xidmət keçir.

Sonra dövlətimizin başçısı Daxili Qoşunların hərbi silah-sursat və texnikası ilə tanış olub.

Prezident İlham Əliyev hərbi hissənin əsgər yeməkxanasında yaradılan şəraitlə də tanış olub. Burada əsgərlərin dolğun qidalanmaları üçün bütün zəruri şərait yaradılıb.

Hərbi hissənin tibb məntəqəsi də müasir səviyyədədir.

Hərbi hissənin ərazisində geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR