Musiqi müəllimindən narkotik alan şəxs: "Bir baş şey götürməliydim"

Daşkəsən rayon Polis Şöbəsinə 50 yaşlı Fikrət Bəhramovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu barədə məlumat daxil olub. APA TV-nin məlumatına görə, rayon sakini polis əməkdaşları tərəfindən yaşadığı ünvanın yaxınlığında saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman məlumatın doğru olduğu üzə çıxıb: "Onun üzərinə baxış keçirilən zaman şalvarının sağ cibindən bir kibrit qutusu, sol çibindən isə 4 bükümdə narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar olunub". 

 

Daşkəsən rayon Uşaq Musiqi Məktəbində qarmon üzrə dərs deyən müəllim Fikrət Bəhramov ilkin ifadəsi zamanı üzərindən aşkarlanan marixuananı yol kənarından tapdığını deyib. O polisləri inandırmağa çalışıb ki, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün saxlayırmış: "Mən yol qırağından sellofanı tapmışdım. Özüm istifadə etmək üçün götürmüşdüm. Evdən çıxarkən polis əməkdaşları saxladılar". 

 

Ancaq müəllimin polisi yanıltma cəhdi alınmayıb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Bəhramovun üzərindən aşkarlanan narkotik vasitəyə müştəri çıxan rayon sakini 46 yaşlı Daşqın Əliyev də saxlanılıb: "Zəngləşdik, bir saatdan sonra görüşməliydim. 15 manat verib, bir büküm şey götürməli idim. Çayçının yanında gözləyirdim. Bir də eşitdim ki, Fikrəti polislər aparıb".

 

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vüsal Məmmədov

OXŞAR XƏBƏRLƏR