Azərbaycanlı məktəblilərin hazırladığı qeyri-adi robotlar - REPORTAJ

Emil Hacıyev Bakı Avropa Lİseyinin 6 sinif şagirdidir. 12 yaşlı müsahibim deyir ki, dəqiq elmlərə marağı səbəbindən müxtəlif olimpiadalara qatılıb və qalib olub.  O, bu günlərdə başa çatan məktəblilər arasında keçirilən I robot olimpiadasının qızıl mükafatçısıdır.

 

Olimpiadaya təqdim etdiyi robot layihənin nədən ibarət olduğunu qoy Emil özü danışsın.

 

"Dəqiq elmlərə həvəsim çox böyükdür. Bir gün həyətimizdə gəzərkən küçə heyvanlarının yemək tapmaq üçün zibillikdə necə gəzdiklərini gördüm. Bu məni çox qəhərləndirdi. Düşündüm ki, mütləq evdə olan oyuncaqlarım və konstruksiyalarımın müxtəlif detallarından itləri yemləmək üçün yeni bir robot yığmalıyam".

 

Beləliklə, balaca Emil təxminən bir ay müddətində istəyini gerçəkləşdirir.

 

"Bax beləcə başladım müxtəlif detalları toplamağa. Düşündüm ki, bu, evdə heyvan saxlayan hər kəsə gərək olacaq. Ev sahibi işə gedəndə iti evdə tək qoyur. Onlar gələnə qədər heyvanlar ac qala bilər. İt bu robotda kiçik bir düyməni basmaqla həm qidalana, həm də su içə bilər. Çox sevinirəm ki , layihəmi uğurla başa vurdum".

İslam Valehli isə Bakı şəhər 6 saylı məktəbin şagirdidir. O da məktəblilər arasında I robot olimpiadasının qalibidir.

 

"Təqdim etdiyim robot layihəsinin əsas məqsədi rəqib robotu rinqdən kənarlaşdırmaqdır. Əgər rinqdən çıxara bilsəm, onda mənim robotum qalib gəlmiş olur. Bu qalibiyyəti əldə etmək üçün müxtəlif fiziki qanunlardan istifadə etmək lazımdır. Məsələn ağırlıq qüvvəsinin gücünü artırmışam. Əgər qarşımdakı robot hansısa bir silahdan istifadə edərsə, bu o yükü qaldırmalıdır. Ağırlıq qabağa düşdüyündən robot bu yükü qaldıracaq. Amma qarşıdakı robotun da gücü nəzərə alınmalıdır. Bir də mən bu robotu elə proqramlaşdırmışam ki, sensor qarşıdakı maneəni görəndə onun üstünə getsin. Bir növ bu müdafiə xarakterli robotdur".

 

Bu gün məktəblilər arasında keçirilən I robot olimpiadasının qalibləri mükafatlandırılıb.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, olimpiadanın keçirilməsində məqsəd məktəblilər arasında robotexnika sahəsinə marağı artırmaq, robot texnologiyalarından sərbəst istifadə bacarığını formalaşdırmaq və Azərbaycanda İKT sahəsi üzrə peşəkar kadrların hazırlanmasına şərait yaratmaqdır.

 

Onun sözlərinə görə, olimpiadanın keçirilməsi beynəlxalq robot və layihə olimpiadalarının təşkilati təcrübəsinə əsaslanır: “Olimpiada “Line follower”, “Lego sumo” və “Hardware control” kateqoriyaları üzrə təşkil olunub. Olimpiadada Bakı, Sumqayıt, Şirvan, Quba, Mingəçevir, Gəncə, Ağdaş və Lənkəran şəhərlərindən 100-ə yaxın şagird 18 komandanın tərkibində 45 layihə ilə çıxış edib.

 

“Ümumiyyətlə, Azərbaycanda Təhsilin inkişafı üzrə Dövlət Strategiyası çərçivəsində istedadlı şagirdlərin aşkar edilməsi istiqamətində müvafiq işlər görülür. Son illər ölkədə şagirdlərin fizika, riyaziyyat, informatika, texnologiya fənləri üzrə əldə etdikləri biliklərin artıq tətbiqi nəticəsini görürük. Növbəti illər ərzində əsas prioritet bu kimi olimpiadalarının əhatə dairəsinin genişləndirilməsi və beynəlxalq səviyyəyə çıxarılmasıdır”.

 

Tədbirin sonunda olimpiadada qalib gələn şagirdlərə medal, sertifikat və qiymətli hədiyyələr təqdim olunub.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR