Səlim Müslümov: "Əmək pensiyaları haqqında" qanunun tətbiqində problem olmayacaq"

"Azərbaycanda yeni pensiya sisteminin formalaşdırılmasına 2006-cı ildən başlanılıb".

 

APA TV-nin məlumatına görə, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasəti çərçivəsində "Azərbaycan Respublikasında pensiya təminatı sistemində islahatın həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" Tvinninq layihəsinin təqdimat mərasimi zamanı bildirib.

 

Nazirin sözlərinə görə, 2015-ci ilədək qüvvədə olan pensiya təyinatı prinsiplərinə əsasən, vətəndaşın ödədiyi sosial sığorta haqlarının 50 faizi insanların fərdi hesablarına yönəldilir, digər 50 faizi isə ümumi hesaba daxil olurdu. Sonradan vətəndaşa pensiya təyin olunan zaman ümumi hesabda yığılan vəsaitdən istifadə olunmaqla, "baza pensiyası" deyilən bir məbləğ verilirdi. Pensiyanın sığorta hissəsi isə fərdi hesablarda yığılan vəsaitlərin 144-ə bölünməsi ilə formalaşırdı:

 

"On ildən sonra cənab Prezident tərəfindən "Pensiya islahatları konsepsiyası təsdiq olundu. Həmin konsepsiyaya görə, ödənilən sosial sığorta haqlarının 50 faiz vəsaitin ümumi hesaba yığılması prosesinə son qoyuldu və belə nəzərdə tutuldu ki, ödənilən vəsaitlər bundan sonra tamamilə fərdi hesablara yığılır və hər kəs özünün gələcək pensiya təminatını öz fərdi hesabında yığılan vəsait hesabına təmin edir".

 

Nazir qeyd edib ki, icrasında 2017-ci ilin 3 aprelindən başlanan layihəyə Avropa İttifaqı tərəfindən 1 milyon 200 min avro vəsait ayrılıb. 
 

Avropa İttifaqının ölkəmizdəki nümayəndəsi Malena Mard isə son dövrlər ölkəmizdə sosial müdafiə sisteminin təkmilləşdirilməsi sahəsində həyata keçirilən layihələrdən müsbət nəticələr əldə olunduğunu deyib:

 

"Avropa İttifaqı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə çox uğurlu əməkdaşlıq həyata keçiririk. Bunu indiyədək əldə olunan müsbət nəticələrə əsaslanaraq bir daha təsdiqləmək olar. Biz Avropa İttifaqının sosial müdafiə, pensiya islahatları sahəsindəki ən yaxşı təcrübəsini ölkənizlə bölüşmək istəyirik. Bu məqsədlə növbəti tvininq layihəsini təqdim etmək üçün sentyabr ayında yenidən sizinlə görüşəcəyik".

 

Tədbir layihənin komponentləri və layihə çərçivəsində görüləcək işlərə dair təqdimatlarla davam edib. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR