Həvəs, dəb, yoxsa asılılıq...? - ENERJİ İÇKİLƏRİ ORQANİZMƏ NECƏ TƏSİR EDİR?
"Mütəmadi olaraq yox, amma istifadə edirəm. Sadəcə bir içki olduğuna görə istifadə edirəm, yəni xüsusi olaraq yox".
"Spirtli içki çox içməmək üçün enerji içkisindən zövq almağa çalışıram".
"Heç bir enerji almırıq, əksinə daha da adam əsəbi olur. Amma dadı xoşuma gəlir deyə içirəm, susuz olanda görürsən ki, adamı daha çox çəkir"
"Elə-belə, sadəcə vərdişdir, guya ki, enerji alıram yalandan. Amma almıram, elə belə içirəm".
"Ən çox yorğun olanda içirəm və hiss edirəm ki, orqanizmimdə fərq olur".
Gənclərin dediyi kimi enerji içkilərindən istifadə onlarda artıq bir vərdiş halını alıb. Özlərini gümrah, enerjili hiss etmək üçün qəbul etdikləri enerji içkilərinin orqanizmləri üçün fəsadlarından isə təəssüf, xəbərsizdilər. Ekspertlər isə həyəcan siqnalı çalır. Həkim Vasif İsmayılov APA TV-yə bildirib ki, enerji içkilərindən düzgün istifadə etmədikdə və bəzən spirtli içkilərlə qarışdırıb içdikdə ölüm halına belə gətirib çıxara bilər: "Qan təzyiqi qalxır, ürək döyüntüləri artır, qan damarları daralmağa başlayır, normalda bunlar insanın stressə qarşı normal reaksiyasıdır, amma enerji içkiləri ilə siz özünüzü əlavə stressə salırsınız. Düzdür gümrahlıq hissi verir, ancaq uzun müddət istifadə edəndə qocalma, xərçəng, şəkər xəstəliyi, artıq çəki və içindəki kofeindən dolayı meydana gələn qan-damar sistemləri, xroniki stress kimi problemləri var. Ona görə də bu içkiləri tənzimləmək lazımdır, kola və digər içkilər kimi sərbəst olmamalıdır".
Psixoloq Aida Nəbiyeva deyir ki, gənclərin aldadıcı vasitə kimi istifadə etdikləri enerji içkiləri psixoloji asılılığa gətirib çıxardır: "Əhval-ruhiyyə eyforiya halına gəlib çıxır, maddənin təsiri getdikdə isə bu zaman gənclər daha gərgin olurlar. Bu isə emosiyaların proporsional və bərabər şəkildə paylanması qanununu pozmuş olur və bəzi psixomatik xəstəliklərə gətirib çıxarır. Bu halda tez-tez nevrozlarla rastlaşırıq, yuxulu olma halları, depressiya halları ilə qarşılaşırıq və belə insanlarda diqqətsizlik aşırı dərəcədə olur. Gənc qızların və oğlanların şikayəti ilə qarşılaşırıq ki, "mən onu içməsəm özümə gələ bilmirəm, mütləq içməliyəm" deyirlər".
Ekspert deyir ki, enerji içkilərinin istifadəçiləri arasında ən çox yeniyetmələr və gənclər üstünlük təşkil edir: "Xüsusən yeniyetmə və gənclər arasında istifadəçilər daha da çoxalıb. Azyaşlılar da üstünlük təşkil edir. Artıq 12-13 yaşlı uşaqların valideynləri tərəfindən şikayətlər daxil olur ki, övladım çox meyllənir. Bu da yeniyetməliyin belə desək, fizioloji problemləri, nevroz vəziyyətdən çıxış yolu kimi seçilir. Bəzən rahatlamaq üçün istifadə edirlər, lakin daha sonra onların somatik inkişafında problem yarana bilər, yəni inkişafın qanuna uyğun formada inkişafına mane ola bilər".
Mütəxəssislərin sözlərinə görə, belə içkiləri qəbul edən insanlar sonradan kofein qəbul etmədikdə narahatlıq, əsəbilik, yorğunluq, baş ağrısı kimi hallar keçirir. Uşaqlara, hamilə qadınlara, eləcə də ürək fəaliyyəti zəif olan insanlar üçün bu içkilər qəti qadağandır.
Qeyd edək ki, energetik içkilərin ziyanlı təsirini nəzərə alaraq, bir çox ölkələrdə bu məhsulların satışına qadağa qoyulub. Fransa və Filippində, Norveç və Danimarkada, Rusiyanın Sankt-Peterburq şəhərində spirtli energetik içkilər qadağan edilib. Almaniyada isə ümumiyyətlə energetik içkilərin istehsalı qadağandır.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA