Moldova prezidenti Azərbaycana gəlib: Rəsmi qarşılanma, verilən bəyanatlar - TAM VERSİYA
Azərbaycanda səfərdə olan Moldova prezidenti İqor Dodonun iyunun 22-də rəsmi qarşılanma mərasimi olub.
APA TV-nin məlumatına görə, İqor Dodonu Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Moldova prezidentinə raport verib.
Moldovanın və Azərbaycanın dövlət himnləri səslənib.
Prezident İlham Əliyev və prezident İqor Dodon fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Moldova prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri İqor Dodona, Moldova nümayəndə heyətinin üzvləri İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Azərbaycan və Moldova prezidentləri rəsmi foto çəkdiriblər.
Rəsmi qarşılanma mərasimindən sonra İlham Əliyevin və Moldova prezidenti İqor Dodonun təkbətək görüşü olub.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Moldova prezidenti İqor Dodonun geniş tərkibdə görüşü olub.
Prezident İlham Əliyev əminliyini ifadə edib ki, bu səfər əməkdaşlığımızın möhkəmləndirilməsində çox mühüm addım olacaq.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Moldova prezidenti İqor Dodonun geniş tərkibdə görüşü olub: "Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Sizin gəlişinizə çox şadam. Biz artıq ikitərəfli münasibətlərin mühüm məsələlərinə, regional problemlərə dair fikir mübadiləsi aparmışıq. Bu gün biz artıq işimizi geniş tərkibdə davam etdiririk. Əminəm ki, bu səfər əməkdaşlığımızın möhkəmləndirilməsində çox mühüm addım olacaq, biz bunda maraqlıyıq. Bunun üçün çox böyük potensial var. Bugünkü fikir mübadiləsi onu göstərir ki, baş verən hadisələrə bizim yanaşmalarımız və qiymətləndirmələrimiz arasında ümumi cəhətlər çoxdur. Əlbəttə, bu gün biz münasibətlərimizin dinamik inkişafı üçün yaxşı təməl qoyuruq. Həm siyasi dialoq sahəsində, həm də ticari-iqtisadi sahədə bizim münasibətlərimizə dinamizm vermək lazımdır. Potensial var, hansı məsələlərə diqqət yetirməyin lazım olduğunu bilirik. Düşünürəm ki, səfərin yekunlarına əsasən müvafiq dövlət qurumlarına bütün zəruri tapşırıqlar veriləcəkdir ki, hər istiqamət üzrə təbirlər planı müəyyən edilsin və həmin plan reallaşdırılsın".
Prezident İqor Dodon isə Moldova və Azərbaycan prezidentlərinin yüksək səviyyədə görüşdüyündən məmnunluğunu ifadə edib: "İndicə biz xatırladıq ki, son 8-10 ildə görüşməmişik. Buna görə bu görüşümüzü çox vacib hesab edirəm. Bu gün biz ali siyasi səviyyədə ikitərəfli münasibətlərimizə yeni təkan verəcəyik. Hökumətlərarası komissiyanın işində də çox böyük fasilə olub. Mənim hökumətlərarası komissiyaya rəhbərlik etmək təcrübəm var. Mən bir neçə il ərzində Moldova-Azərbaycan Hökumətlərarası Komissiyasının Moldova tərəfdən rəhbəri olmuşam. Bizim çox böyük potensialımız var və mən çox ümid edirəm ki, ali səviyyədə görüşün nəticələrinə əsasən ən yaxın vaxtda hökumətlərarası komissiyanın işinə də yeni təkan verəcəyik. Ümidvarıq ki, bu il hər iki tərəfdən nazirlərimizin də görüşü olacaq. Hər halda daha fəal əməkdaşlıq etmək üçün bilavasitə konkret layihələr, konkret addımlar nəzərdən keçiriləcək. Əlbəttə, bizim ticarət sahəsində müsbət dinamika var. Keçən il bu sahədə artım 30 faizdən çox olub. Lakin ticarətin həcminin 5 milyon dollara yaxın olması çox kiçik göstəricidir. Ümidvaram, hökumətlərarası komissiya çərçivəsində bizim biznesmenlərin də buraya, Bakıya səfərini təşkil edə biləcəyik ki, onlar özlərinin potensial tərəfdaşları ilə görüşsünlər".
"Moldova prezidentinin səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərdə çox mühüm hadisədir. Əminəm ki, bu səfər Moldova-Azərbaycan münasibətlərinin dinamik inkişafına yaxşı təkan verəcək".
Bunu Azərbaycan prezidenti İlham Əliyev və Moldova prezidenti İqor Dodon görüşdən sonra mətbuata bəyanatında deyib.
Prezident bildirib ki, bu gün keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlərin geniş spektri müzakirə olunub, gələcək birgə fəaliyyətin yolları müəyyənləşdirilib: "Biz bundan sonra da siyasi əlaqələri möhkəmləndirəcək və beynəlxalq qurumlarda birgə fəal işləyəcəyik. Prezidentin səfəri bizim bir-birimizə qarşılıqlı hörmətimizin və qarşılıqlı marağımızın göstəricisidir. Onu da qeyd etmək istərdim ki, Moldova prezidenti cənab Dodonun Azərbaycana rəsmi səfəri onun ilk rəsmi səfərlərindən biridir. Biz onun ölkəmizə gəlişini Azərbaycana hörmət əlaməti kimi qiymətləndiririk. Bu gün biz, həmçinin ticari-iqtisadi əməkdaşlıqla bağlı məsələləri də çox geniş müzakirə etdik. Bu sahədə yaxşı potensial var. Artıq bizim orqanlara müvafiq təlimatlar verilib ki, əmtəə dövriyyəsinin artırılması ilə əlaqədar məsələlərin razılaşdırılması prosesi sürətləndirilsin. Əlbəttə, bunun üçün ümid edirik ki, lap yaxın vaxtda hökumətlərarası birgə komissiya toplaşacaq. Çoxdan bəri toplaşmayan komissiyanın bu iclasında qarşılıqlı ticarətin necə artırılması, investisiyalar üzrə hansı imkanların olması, bizim şirkətlərin birgə iştirak edə biləcəkləri hansı infrastruktur layihələrinin mövcud olması kimi mühüm məsələlər müzakirə ediləcək. Yəni, bu məsələlər bloku da böyük əhəmiyyət kəsb edir, çünki ticari-iqtisadi münasibətlərin bugünkü səviyyəsi, əlbəttə, bizi qane edə bilməz. Biz bilirik ki, qat-qat artıq potensial var. Energetika və nəqliyyat sahələrində əməkdaşlığın da böyük perspektivləri var. Biz Azərbaycanda çoxlu nəqliyyat və enerji layihələri həyata keçiririk. Bu layihələr artıq çoxdan ölkəmizin hüdudlarından kənara çıxıb. Bu istiqamətdə moldovalı tərəfdaşlarımızla əməkdaşlıq etmək maraqlı olardı".
"Bu gün biz regionlararası əlaqələr məsələlərini də müzakirə etdik. Bu sahədə ölkələrimizin müxtəlif regionları arasında münasibətlərin strukturlaşdırılması və ya formalaşdırılması üzrə konkret addımlar nəzərdə tutmuşuq. Əlbəttə, humanitar əməkdaşlıqla bağlı məsələlər də müzakirə edilib. Moldova prezidenti mənə dedi ki, dünən o, Azərbaycandakı moldav icmasının nümayəndələri ilə görüşüb. Moldovadakı Azərbaycan diasporu da çox fəal işləyir və Prezidentin onlara göstərdiyi diqqətə görə ona təşəkkür edirəm. Bu da ikitərəfli münasibətlərdə mühüm amildir. Əminəm ki, bugünkü səfər münasibətlərimizin inkişafında mühüm mərhələ olacaq, bizim münasibətlərə zəruri dinamizm verəcək və çox mühüm məsələlərin həllinə kömək edəcək. Bununla da ölkələrimizi və xalqlarımızı yaxınlaşdıracaq".
Sonda prezident İlham Əliyevin adından Moldova prezidenti İqor Dodonun şərəfinə rəsmi nahar verilib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA