Daşkəsən sakini 5-ci həyat yoldaşını və 20 günlük körpə qızını qətlə yetirdi - DƏHŞƏTLİ CİNAYƏT

Daşkəsəndə dəhşətli qətl hadisəsi baş verib. Rayonun Şahvələdli kənd sakini, 1979-cu il təvəllüdlü Raqif Ələkbərov həyat yoldaşının və 20 günlük körpə qızını qətlə yetirib.

 

Qətl barədə ilkin olaraq kənd sakinləri xəbər tutublar. Öldürülən qadının ilk nikahdan olan 5 yaşlı qızı kəndə gələrək, evlərin birindən yeməyə çörək istəyib. Sonra ona çörək verən kənd sakininə atasının anası və bacısını vurduğunu söyləyib. Kənd sakinləri polis əməkdaşlarına xəbər veriblər. Raqif Ələkbərovun yaşadığı evə baxış keçirilən zaman evdə həyat yoldaşının və təzə doğulan körpəsinin meyitləri aşkarlanıb. İsti izlərlə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Raqif Ələkbərov Göygöl rayonu ərazisində saxlanaraq istintaqa təhvil verilib.

 

APA TV-nin Qərb bürosunun əməkdaşları qətllə bağlı bəzi əlavə təfərrüatlar da öyrənə biliblər. Qətl törədən Raqif Ələkbərov 5 dəfə ailə həyatı qurub. Qətlə yetirilən qadın Raqif Ələkbərovun sayca beşinci həyat yoldaşıdır.  İlk nikahdan nəvəsi olan bu şəxs əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Onun həbsə düşməsinin səbəbi ailə münaqişələri olub.

Kənd sakinlərinin verdiyi məlumata görə, həyat yoldaşları daim dava salan Raqif Ələkbərovla bağlı polisə şikayət ediblər və o həbs edilib.

 

Qətl hadisəsindən bir müddət əvvəl Raqif Ələkbərov həyat yoldaşını döyübmüş. Qadın polisə şikayət edib, saxlanılan Ələkbərov inzibati qaydada məsuliyyətə cəlb olunaraq 500 manat cərimə edilib.

 

Qeyd edək ki, qətli törədən şəxsin atası da illər öncə öz qardaşını öldürüb.  

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR