Biletləri əvvəldən alın! - AVTOVAĞZAL GÜCLƏNDİRİLMİŞ İŞ REJİMİNƏ KEÇİR

Bakı Beynəlxalq Avtovağzalı qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov bildirib ki, bayram günləri ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzalı iş qrafikində dəyişiklik edib.

 

"İyunun 23-dən 28-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində yarana biləcək sərnişin axınının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədi ilə həmin günlərdə 200 ehtiyat avtobusun ayrılması nəzərdə tutulub. Adi günlərdə 300-330 reyslə 7,5-8 min sərnişin daşınması həyata keçirildiyi halda, bayram günlərində təxminən 500-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması gözlənilir".

 

Yaşar İsakov bayram günlərində müşahidə olunacaq sıxlığı nəzərə alaraq, həmin tarixlərdə regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün əvvəldən almağı tövsiyə edib.

 

"İl boyu olduğu kimi bayram ərəfəsində də 10 gün əvvəldən təyin olunmuş bütün qrafik üzrə bilet satışı həyata keçirilir".

 

Qeyd edək ki, Ramazan bayramı iyunun 26-27-də qeyd olunacaq, Silahlı Qüvvələr Günü Ramazan bayramı ilə eyni günə təsadüf etdiyindən 28 oyun tarixi də qeyri-iş günü elan olunub.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR