"Seyid vəsiqəsi" verən qazıya xəbərdarlıq edilib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Masallı rayonundakı qazısı Hacı Mirqiyas Təhməzovun "Seyid vəsiqəsi" verməsi faktı ilə bağlı tədbir görülüb.

 

APA TV-nin məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bu məsələ Komitə və QMİ tərəfindən birgə araşdırılıb.

 

Onun sözlərinə görə, həmin qazıya xəbərdarlıq edilib:

 

 "QMİ onun yaşlı olmasını, din sahəsində fəaliyyətini nəzərə alıb, xəbərdarlıq etməklə kifayətlənib. Təbii ki, bu, yolverilməz haldır, həmin şəxs özü də bundan peşman olduğunu bildirib".

 

Komitə sədri qeyd edib ki, QMİ tərəfindən təyinat almayan şəxsin dini ayin icra etməsi qanunsuzdur:

 

”Komitəyə səlahiyyət verilib ki, hər hansı şəxs QMİ təyinatı olmadan, yerlərdə dini ayin icra edirsə, komitənin müvafiq nümayəndəsi onun fəaliyyəti ilə bağlı protokol tərtib edir və məhkəməyə müraciət olunur. Həmin şəxs cərimələnir. Bəzən mətbuatın araşdırması nəticəsində hansısa dini məsələ ilə bağlı məlum olur ki, onu icra edən şəxs qeyri qanuni-fəaliyyət göstərir. Təbii ki, bu, cəzasını almalıdır”.

 

Onun sözlərinə görə, rəsmi nikah olmadan kəbin kəsən din xadimi cəzalandırılacaq:

 

"Azərbaycanda rəsmi nikah olmadan dini nikahın bağlanması qanunsuzdur. Bunu edən din xadimi cəzalandırılacaq. Dini nikaha o zaman girmək olar ki, bu nikahı müvafiq dövlət qurumu təsdiqləmiş olsun. Bu qurumun təsdiqləmədiyi nikahı bağlayan din xadimi rəsmi təyin olunubsa, cəzalandırılacaq, tutduğu vəzifədən azad olunacaq. Əgər bunu edən din xadimi qeyri-rəsmi fəaliyyətlə məşğuldursa, hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb ediləcək".

 

Mübariz Qurbanlı qeyd edib ki, Azərbaycan dünyəvi ölkədir, nikah münasibətləri ilə bağlı müvafiq dövlət qurumu var.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR