Gül toxumaqla dolanan gözdən əlil: "Köməyim yoxdur, iynəni belə özüm saplayıram" - REPORTAJ
"Ən çox güllər toxuyuram, onlara daha çox ehtiyac var. Həm də onlar mənim qaranlıq dünyamın rəngli gülləridir".
Gözdən əlil olan Elçin Abbasov çörək pulunu bu rəngli gülləri toxuyaraq qazanır. Gözlərində problem uşaq yaşlarında yaranıb. Deyir, 6 yaşına qədər rəngləri seçə bilir, ətrafdakıları zəif olsa da, görə bilirmiş. İndi isə gün işığı da ona qaranlıqdır:
"5-6 yaşıma kimi rəngləri seçirdim, işıq yanıb sönəndə hiss edirdim. Sonradan göz təzyiqi yarandı, qarşısı alınmadı. Həkim xaricdə əməliyyat edilməli olduğumu dedi, lakin buna imkanımız çatmadı. Əməliyyat olan gözümə evdə yıxıldım, stolun tini batdı, o göz sıradan çıxdı".
Müsahibimiz deyir ki, gözlərinin işığının sönməsi onun içindəki həyat eşqini söndürməyib, əksinə, öz ayaqları üstə dayanmasına kömək edib. Toxuculuğu Elçin 11 yaşında bacılarından öyrənib. Gözləri görmədiyi halda, o, hər gün 7-8 ədəd gül toxuyub satır. İlk toxuduğu əşya isə kəmər olub:
"Həmin gün sevindiyimdən heç yemək belə yeməyi unutdum. O kəməri bir neçə dəfə toxuyub sökdüm, sevinirdim ki, toxumağı öyrənmişəm".
Elçin deyir ki, gözləri görməsə də, toxuculuq onun üçün çətin deyil. İynəni belə heç kəsin köməyi olmadan özü saplaya bilir. İplərin rənglərini də özü deyir, satıcılar da kömək edir. Deyir, əl işlərini ən çox alanlar gənclərdir. Əl işlərini ən çox insanların toplaşdığı məkanlarda toxuyur:
"Filarmoniya bağı var, orada otururam. Qışda isə qatarlarda oluram. Vaqon gedir "Həzi Aslanov"a, ordan qayıdır "Dərnəgül"ə. Bbütün günü belə. Alıcı olanda yaxşı satıram, elə olur ki heç nə satmıram. Özüm ağız açıb heç kimə demirəm ki, mən bunu satıram, istəmirəm kiminsə mənə yazığı gəldiyi üçün nəsə alsın. Hətta elə adamlar olur ki, nəzir verirlər, deyirəm mən dilənçi deyiləm ki. Zəhmətimlə çörək pulumu qazanıram deyə yorğunluğumu da tez unuduram".
Gün işığından məhrum olan qəhrəmanım toxuduğu əl işlərini 5-6 manata satır. Ən baha satdığı isə dəst şərf-papaqdır - 20 manat. Deyir, elə gün olub ki, 25 ədəd gül satıb. Müsahibimiz mağazalardan muncuq alıb, gül və yarpaqlar da düzəldə bilir:
"Gəlib deyir 50 manata xırdan olarsa, 30 manat ver. Verirəm, deyir 20 manat verirəm, 4 dənə gül götürürəm. Gedəndə mənə bildirmədən gülləri də qoyub gedib. Gündə bir dənə şərf və iki dənə papaq toxuyaram".
Elçin Abbasov hesab edir ki, gözdən əlil yaşamaq çətin ola bilər, amma gözü açıq, qəlbi kor olmaq ən böyük şikəstlikdir. Deyir, Allah gözümüzdən işığı alsa belə, təki qəlbimizdən işığı almasın...
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA