Neft uzun fasilədən sonra ilk dəfə 46 dollardan ucuz satılır

OPEK razılaşmasına daxil olmayan ölkələrdə neft hasilatının artması qiymətlərə mənfi təsir göstərir.

 

Liviya dörd illik fasilədən sonra gündəlik neft hasilatının həcmini 900 min barelə çatdırmağa müvəffəq olub. Buna səbəb ölkədə iki böyük neft yatağında yenidən hasilata başlanmasıdır. Bazar iştirakçıları təklifin tələbi üstələməsi prosesinin davamlı olacağından çəkinir, bu səbəbdən qiymətlər növbəti dəfə ucuzlaşıb.

 

"Brent" markalı neftin qiyməti son 24 saat ərzində 1,2 dollar ucuzlaşıb. Uzun fasilədən sonra ilk dəfə bu markadan olan neftin bir bareli 46 dollardan ucuz satılıb. Səhər seanslarında "Brent" neftinin maksimum qiyməti 45,92 dollar olub, Qərbi Texas nefti isə 43,47 dollara satılıb.

 

Fransada fəaliyyət göstərən Kepler SAS şirkətinin hesablamalarına görə, Şimal dənizi, Sinqapur və İraqda hasilatın artması hesabına tankerlərdə saxlanan xam neftin ümumi həcmi 111,9 milyon barelə çatıb. Paralel olaraq ABŞ-da qaya nefti hasilatının genişlənməsi də bazarda təklifi artırır. Lakin ekspertlər hesab edirlər ki, Qərbi Texas neftinin qiymətinin 45 dollardan aşağı düşməsi hasilat səviyyəsini nisbətən azalda bilər.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR