Bazarlarda qarpız-yemiş bolluğu: yemək olarmı? - ARAŞDIRMA
Yay mövsümünün vazkeçilməz dadlı nemətlərindən biri də böyükdən kiçiyə hər kəsin sevdiyi qarpız və yemişdir.
Bazarda apardığımız müşahidələr də onu deməyə əsas verir ki, hər il olduğu kimi, bu mövsümdə də məhsulun alıcısı çoxdur.
Piştaxtaları formasına, ölçüsünə, qabığnın qalınlığına, hətta rənginə görə biri-birindən fərqlənən bu bostan bitkilərinin yetişmə-yeyilmə vaxtı əslində iyul ayının sonları, avqust ayında olsa da indidən bazarlarda qarpız və yemiş bolluğudur.
Fermerler deyir ki, böyük ölçülü qarpız seçmək məsləhət deyil. Qarpızın üzərində sarı ləkə onun dadlı və şirin olmasını göstərir. Yetişmiş qarpız üzərinə vurduqda boş səs çıxarmalıdır. Həmçinin, qarpızı iki tərəfindən sıxdıqda çırtıldayırsa, deməli yetişib və yeyiləsi haldadır. Saplağı saralıbsa, bu da qarpızın yetişməsindən xəbər verir. Yaşıl isə əksinə - bu onu göstərir ki, qarpız tağdan dəyməmiş üzülüb. Bundan başqa qarpızın qabığının təbii qoxusu olmalıdır. Qoxuladığınız qarpızdan heç bir qoxu gəlmirsə, deməli təbii yolla əkilməyib.
Satıcılar həm məhsul, həm də müştəri bolluğundan məmnundur: "Kiloqramı 40-50 qəpik arasında dəyişir. Sabirabad qarpızıdır. Alıcımız da boldur. Yəni tələbat çoxdur. Bilirsiniz, illərdir bu işlə məşğuluq, artıq alıcılar da bilir ki, biz bazara təhlükəli məhsul çıxarmarıq. Bu il məhsul bol olduğundan, bazara xarici bostan tərəvəzi vurmuruq. Bizim məhsullarımız daha yaxşı və keyfiyyətlidir. 10 gündür satışa başlamışıq, hələ ki, pisdir deyən olmayıb. Qiymət mövsüm yeni başladığından 50 qəpikdir. Zamanla düşəcək".
Uşaqdan böyüyə hər kəsin ləzzətli təamı olan qarpızın alıcıları da çoxdur: "Çox sevirəm. Hər il mövsümdə alıram. Maraqlanıram görüm hansı rayonun məhsuludur. Peşman da olmuram. Dadlıdır".
Mütəxəssislər iki ay yarıma ərsəyə gələn qarpızın yetişməsi üçün effektiv temperatur göstəricisinə yalnız həmin aylarda təsadüf olduğunu bildirirlər.
Məsələyə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev APA TV-yə açıqlamasında hələlik qarpız-yemişlə bağlı zəhərlənmənin qeydə alınmadığını deyib: "Əvvəlki illərdə qarpız adətən başqa ölkələrdən Azərbaycana idxal olunurdu. Hazırda satışa çıxarılan qarpız, yemiş yerli istehsaldır. Sabirabad, Saatlı, Aran bölgələrində bu bitki fevral ayından əkilir və "klyonka" altında saxlanılır. Hava isinəndən sonra üstü açılır və açıq sahədə yetişdirilir. Buna tam istixana şəraiti də demək olmaz. Hazırda satışda olan məhsullar faraş məhsullardır. Dövlət Fitosanitar Nəzarəti Xidməti mütəmadi olaraq bazarlarda monitorinqlər aparır, məhsulların keyfiyyətinə nəzarət edir. Bu günə qədər ciddi pozuntu aşkarlanmayıb".
M.Hacıyev bu ayda qarpız, yemiş yeyilməsinin sağlamlıq üçün zərəri olmadığını qeyd edib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA