Səlim Müslümov: "İşaxtaranların və ünvanlı sosial yardım istəyənlərin sayı azalır"
Dövlət Məşğulluq Xidmətinə müraciətlərin sayında azalma müşahidə olunur. Bu ilin 5 ayı ərzində quruma 69 250 nəfər iş üçün müraciət edib. Ötən il bu rəqəm 141 650 nəfər olub.
APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
O bildirib ki, hazırda Azərbaycanın əmək bazarında vəziyyət stabilləşib. İş üçün müraciət edənlərin sayı 2,2 dəfə azalıb.
Nazir ünvanlı yardım üçün müraciət edənlərin də sayının azaldığını bildirib: "Bu da təyinatın azalmasına gətirib çıxarıb. Əgər ilin sonunda sistemdə ilkin müayinədən keçmiş, maddi məişət şəraitinin yoxlanmasına qədər 165 min ailə var idisə, artıq bu, 117 minə qədər azalıb. Bu gün gedən proseslər davam edərsə, yaxın iki-üç ay ərzində onun sayı 100 minin altına düşəcək. Bu sahədə də ciddi addımların atılmasına ehtiyac var. Ünvanlı sosial yardım almaq hüququnun yalnız o ailələrə saxlanması lazımdır ki, əmək qabiliyyətsiz ailə üzvlərinin sayı 4-dən yuxarı olmuş olsun".
Səlim Müslümov əlavə edib ki, bu ilin birinci rübündə əlillik təyin olunmuş şəxslərin sayı keçən ilin müvafiq dövrünə nisbətən 2 dəfəyə yaxın azalıb. Keçən ilin birinci rübündə təqribən 11300 nəfərə əlillik təyinatı aparılmışdısa, bu ilin ilk üç ayında əlillik təyinatı təqribən 6100 nəfər yaxın şəxsə verilib: "İyulun 1-dən bizim əmək pensiyaları haqqında dəyişikliyə əsasən, ikinci və üçüncü qrup əlilliklər üçün pensiya təyinatında mövcud olmuş güzəştlər ortadan qaldırılır, yalnız birinci qruplar üçün saxlanılır. Bu da müəyyən qədər əlilliyə həvəs göstərən şəxslərin sayını yəqin ki, azaldar".
Nazir qeyd edib ki, nazirlik elektron vakansiya sisteminin yaradılması üzərində işləyir. Onun sözlərinə görə, elektron sistem yaradıldıqdan sonra həm işəgötürənlər, həm də işsizlər məşğulluq orqanlarına getmədən iş və ya işçi tapa biləcəklər: "Bu sistem vasitəsilə işəgötürən öz vakansiyalarını virtual sistemdə yerləşdirə biləcək. Həmçinin işaxtaranlar da elektron qaydada özlərinə iş tapa biləcəklər. Əgər işçi işə göndərişlə getmək istəyirsə, o halda onlar da məşğulluq orqanlarına müraciət edə biləcəklər".
Səlim Müslümov bildirib ki, iyun ayı üzrə pensiya ödənişləri vaxtından əvvəl, yəni Ramazan bayramına qədər tam başa çatdırılacaq.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA