Əli Həsənov: "Həmsədrlərə ayıb olsun!"

ADA Universitetində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 20 İyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib.

 

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri  Əli Həsənov 16 ildir Ümumdünya Qaçqınlar Gününün qeyd edildiyini, ancaq onların qayıdışının qeyd olunmadığını söyləyib:

 

"Dünyadakı aparıcı dövlətlər nə düşünürlər? Hegemonluq uğrunda mübarizə aparan dövlətlər dünyanı hansı vəziyyətə gətirib çıxarıblar? Azərbaycan 25 ildir ki, Ermənistan tərəfindən torpaqlarının işğalı ilə üzləşib. BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı qətnamələr, qərarlar qəbul ediblər, ancaq nəticə yoxdur ".

 

Ə.Həsənovun sözlərinə görə, keçən il aprel döyüşləri Azərbaycanın prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqları istənilən an işğaldan azad etməyə hazır olduğunu göstərib: “Aprel döyüşlərindən sonra Ermənistanın təcavüzkar siyasi rəhbərliyi hələ də özünə gələ bilməyib. Xalq, ordu, elə  Serj  Sarkisyanın ətrafı da ona qarşı qalxıb. Əgər işğalçı, şovinist rejim düzgün yola qayıtmasa, onların sonu çatacaq”.

 

Baş nazirin müavini ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə də toxunub: "20 ildir bölgəyə səfər edirlər. Ancaq heç bir nəticə yoxdur. Onlara ayıb olsun ki, 20 ildir gəlib-gedirlər, ancaq heç bir nəticə əldə etmirlər".

 

Tədbirdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Furio de Angelis və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə tədbirdə açılış nitqləri ilə çıxış ediblər, sonra “Biz qaçqınlarla birgə dayanırıq” qlobal kampaniyası çərçivəsində hazırlanmış sosial-xidməti video nümayiş olunub.

 

Daha sonra tribunaya dəvət olunan Ə.Həsənov qonaqları salamlayaraq bildirib ki, əgər   15 iyun Milli Qurtuluş Günüdürsə, 14 iyun Azərbaycanın işğal altındakı torpaqlarının Qurtuluş Gününün başlanğıcıdır.

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin hər an alovlanmaq ehtimalı var və bu, davamlı inkişafa təhlükə yaratmaqdadır.

 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Furio De Angelis  isə Cocuq Mərcanlının timsalında məcburi köçkünlərin ilk qayıdışı münasibətilə Azərbaycan hökumətini təbrik edib.

 

Sonda məcburi köçkün gənclərin ifasında musiqi proqramı təqdim olunub.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR