Əli Əhmədov: "Bir iş yeri bağlandıqda belə, həyəcan təbili çalınmalıdır"

"Azərbaycan iqtisadiyyatı son 12 ildə 3,5 dəfə artıb, yoxsulluq həddi 50%-dən 5-6%-dək azalıb".

 

APA TV-nin məlumatına görə, bu fikirləri baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsinin Təkmilləşdirilməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov Sumqayıtda keçirilən eyniadlı tədbirdə bildirib.

 

Onun sözlərinə görə, son illər ərzində ölkədə 1,5 milyon yeni iş yeri yaradılıb, kənd və şəhər infrastrukturunun yaxşılaşdırılması ilə bağlı məqsədyönlü işlər görülüb.

 

Hökumət rəsmisi həmçinin Azərbaycan iqtisadiyyatında köklü islahatlar aparılacağının anonsunu da verib. Əli Əhmədov bəzi statistik məlumatlara da nəzər salaraq bildirib ki, ölkə əhalisinin 4,6 milyon nəfərini məşğul vətəndaşlar təşkil edir. Onların 33 faizinin əmək münasibətləri hüquqi cəhətdən tənzimlənib, 67 faizi isə əmək müqaviləsi olmadan fəaliyyət göstərir.

 

Əli Əhmədov bildirib ki, bu sahədə hökuməti narahat edən əsas problemlərdən biri "qara mühasibatlığın" mövcudluğudur. Belə ki, 2016-cı ildə Dövlət Sosial Müdafiə Fonduna 1 milyard 921 milyon manat vəsait daxil olub. Həmin vəsaitin 1 milyon 500 min manatı muzdlu işçilərin, 7 milyon 850 min manatı sosial ödənişlərin hesabına formalaşıb.

 

Komissiya sədri qeyd edib ki, ölkədə bir iş yeri bağlandıqda belə, artıq həyəcan təbili çalınmalıdır. O, işəgötürənlərin bəzi hallarda işçilərin hüquqlarını lazımi səviyyədə qoruya bilməməsindən də gileylənərək, hökumətin məhz bu səbəbdən əmək münasibətlərinin tənzimlənməsinə diqqət ayırdığını xüsusilə vurğulayıb.

 

Daha sonra tədbir jurnalistlərin iştirakı olmadan davam edib. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR