Qatillə əlbir olaraq ərinin meyitini həyətdə basdırdı - GÖYÇAYDAKI QƏTLİN TƏFƏRRÜATI

Göyçay rayonunda amansızlıqla törədilən qətl hadisəsinin təfərrüatı məlum olub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, ötən gün axşam saatlarında rayonun Çərəkə kənd sakini, 1980-ci il təvəllüdlü Musayev Sadiq Asif oğlunun yaşadığı evin həyətində, torpağa basdırıldığı yerdə meyiti tapılıb. Onun iki bıçaq və 3 balta xəsarəti ilə öldürüldüyü məlum olub.

 

Hadisəni törətməkdə şübhəli bilinən Sadiq Musayevin dostu, Göyçayın Müskürlü kəndində yaşayan Ucar rayon sakini Seymur Xanməmmədov saxlanılaraq istintaqa təhvil verilib.

 

Sadiq Musayevin yaxın qohumları Tərlan və Sərxan Qasımov APA TV-nin yerli bürosuna bildirib ki, hadisə iyunun 14-də - “Son zəng” günü baş verib. Seymur dostu Sadiqin evinə tez-tez gəlirdi. Həmin günü həyətdə oturub yeyib-içiblər, aralarında söz-söhbət olub. Seymur bıçaq və balta ilə Sadiqi arvadının və 4 azyaşlı uşağının gözü qarşısında amansızlıqla qətlə yetirib. Seymur dostunun həyat yoldaşı, 1986-cı il təvəllüdlü Arzu Güləhməd qızı Musayeva ilə əlbir olaraq gecə saatlarında evin arxasında quyu qazıb və Sadiqin meyitini orada basdırıb. Arzu Musayeva qayınanasına deyib ki, Sadiq fəhlə işləmək üçün evdən çıxıb gedib, amma geri qayıtmayıb. Sadiqin anası və qohumları 3 gün onun yolunu gözləyib: "Pilləkənin altından Sadiqin ayaqqabıları tapılıb və onun fəhlə kimi harasa işləməyə getmədiyinə əmin olduq. Onun başına bir iş gəlməsindən şübhələndik və Göyçay Rayon Polis Şöbəsinə məlumat verdik. Polis əməkdaşları gəldi, Arzu Musayeva ərinin itkin düşdüyünü dedi, polis əməkdaşları həyətə baxış keçirəndə onun meyiti torpağın altından tapdı. Məlum oldu ki, Arzu Musayeva ərinin dostu ilə əlbir olaraq onun meyitini basdırıb və ona görə də polisə, qohumlara həyat yoldaşının itkin düşməsi barədə yalan məlumat verib. Arzu Musayevanın polisə və bizə niyə ərinin öldürülməsi barədə məlumatı 4 gün gizlətməsi və həyətdə onun basdırıldığı barədə məlumatı gizlədərək guya ərinin itkin düşməsi barədə yalan məlumat verməsinin səbəbini hələ də başa düşə bilmirik”.

 

Hadisənin şahidi olan Sadiq Musayevin 11 yaşlı oğlu Ömər Musayev APA TV-nin yerli bürosuna bildirib ki, atasının qatili Seymur onların evinə tez-tez gəlirmiş və həmişə gələndə yeyib-içdikdən sonra dava salırmış: "Seymur atama araq və pivə alıb gətirirdi. O, bu dəfə arağı pivəyə qarışdırıb atama verdi ki, içib yatsın. O, atamı balta ilə öldürdü, kürəyinə bıçaqla vurdu, sonra meyitini apardı evin arxasına basdırmağa”.

 

Dörd uşaq anası olan Arzu Musayeva və qətli törədən Seymur Xanməmmədov saxlanılaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR