Rusiya ABŞ-la imzalanan sazişi ləğv etdi - SURİYADA YENİDƏN QANLI DÖYÜŞLƏR BAŞLAYA BİLƏR

"Pentaqonla imzalanan memorandum çərçivəsində ABŞ-la Suriyadakı insidentlərin aradan qaldırılmasına yönələn birgə fəaliyyət bazar ertəsindən etibarən dayandırılır".

 

APA TV -nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu açıqlama Rusiya Müdafiə Nazirliyindən ABŞ qırıcısının Suriyaya aid "Su-22" hərbi təyyarəsini vurmasından sonra verilib.

 

Müdafiə Nazirliyindən həmçinin koalisiya qüvvələrinin Suriyanın hava məkanında insidentlərin qarşısının alınmasında istifadə olunan rabitə kanalından istifadə etmədiyi, həmçinin ABŞ Hərbi Komandanlığının mövcud razılaşma tələblərini pozduğu önə sürülüb.

 

Müdafiə Nazirliyinin açıqlamasında təyyarənin vurulması terrorçuluqla mübarizə adı altında Suriyanın suverenliyinin, habelə beynəlxalq hüququn pozulması kimi dəyərləndirilib.

 

Rusiyanın ali hərbi qurumundan döyüş əməliyyatları gedən ərazidə aşkarlanacaq istənilən hava obyektinin hədəf kimi qəbul olunacağı qeyd olunub. 

 

Sənəddə həmçinin ABŞ hərbi komandanlığından insidentin araşdırılması və nəticələr barədə məlumatların Rusiya tərəfinə göndərilməsi tələb edilib. 

 

Qeyd edək ki, iyunun 18-də ABŞ-a məxsus "F18A" qırıcısı Rəqqa yaxınlığında Suriyaya aid "Su-22" hərbi təyyarəsini vurub. Birləşmiş Ştatlar təyyarənin vurulmasına həmin təyyarənin müxalif qüvvələrə aviazərbələr endirməsini əsas gətirib.


 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR