Azərbaycanda sifarişlə qatar səyahətləri başladı
“Azərbaycan Dəmir Yolları” QSC və cəmiyyətin nəzdində fəaliyyətə başlayan “Railtravel” turizm şirkəti sifariş əsasında qatar səyahətlərinin təşkilinə başlayıb.
APA TV-nin xəbərinə görə, ilk səfər iyunun 16-da Bakı-Gəncə-Göygöl-Gəncə-Bakı marşrutu üzrə təşkil edilib.
Səfər üçün “Azərbaycan Dəmir Yolları” QSC 1 ədəd SV, 1 ədəd KP və 2 ədəd xidməti vaqon ayırıb.
“Railtravel” şirkətinin təsisçisi Oqtay Aslanov bildirib ki, məqsəd dəmiryolu turizminin inkişafına dəstək olmaqdır: "Heç kəsə sirr deyil ki, bütün dövrlərdə dəmiryolu ilə daşınmalar ən təhlükəsiz nəqliyyat vasitəsi olub. Azərbaycanın əksər bölgələrinə dəmiryolu xəttinin olması da imkan verir ki, turizm bu istiqamətdə də inkişaf etsin. Əslində qatar turizmi hamı üçün, daha çox isə uşaqlar üçün nəzərdə tutulub. Təhlükəsizdir, komfortludur, qənaətlidir. Ən əsası yol üçün sərf olunan vaxt itkisini minimuma endirir. Qatar turizmi perspektivlidir, çünki gələcəkdə Bakı-Qars dəmiryolunun işə düşməsi də bu sahəni əlverişli edəcək. Ümumiyyətlə, qatar turizmi dünyada çox geniş yayılıb. Xüsusən Yaponiyada turizmin bu sektoru gəlirli və sərfəlidir. Dəmir yolu ilə səyahətin ən əsas üstünlüyü onun təhlükəsiz olmasıdır".
Gələcəkdə Bakı-Astara, Bakı-Batumi, Bakı-Balakən istiqamətində turların təşkili nəzərdə tutulub. Səyahət üçün 12 gün əvvəldən olmaqla sifariş verilməlidir. Bundan başqa, hər gedişdə 18 SV, 36 kupe, 54 yerlik plaskart vaqonlar qatar turizmi üçün xidmət göstərəcək. Qiymətlərə gəldikdə, SV qatar 18 nəfər üçün 1 100 manata, KP 36 nəfər üçün 1 200 manata, PL 54 nəfər üçün 1 512 manata, ailələr üçün xidməti vaqon isə 900 manata nəzərdə tutulub. Xidməti vaqonlar duş kabinəsi, konfrans zalı da daxil olmaqla hər cür şəraitlə təchiz edilib.
Bakı-Gəncə-Göygöl-Gəncə-Bakı istiqamətində təşkil edilən ilk səfər zamanı sərnişinlərə Göygöl Milli Parkı, Maralgöl Qoruğu, “Gəncə qapıları”, Nizami Gəncəvi məqbərəsi, “Butulka ev”, Şah Abbas məscidi (XVII əsr), Çökək hamam, Cavad xan türbəsi, Xan bağı və alman kilsəsinə səfər təşkil edilib.
Dəmir yolu səfərlərinin tələb əsasında cənub, qərb, habelə şimal rayonlarına təşkil olunması nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA