Əli Həsənov Ermənistanın cəbhədəki son təxribatlarından danışdı
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi aydındır. Bu mövqe dünya ictimaiyyətinə, həmçinin BMT Təhlükəsizlik Şurasına, ATƏT-ə, Avropa Parlamentinə, Avropa Şurasına və bu məsələ ilə məşğul olan digər qurumlara çatdırılıb".
APA TV xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov bildirib.
Onun sözlərinə görə, ölkəmizin mövqeyi bundan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, qaçqınlar və məcburi köçkünlər öz yurd-yuvalarına qaytarılmalı, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüququn normalarına əməl olunmalıdır: “Əlbəttə, biz ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin və beynəlxalq təşkilatların bu məsələ ilə bağlı fərqli mövqelərini anlayırıq. Ancaq əsas məsələ beynəlxalq hüququn pozulmaz prinsipi olan ərazi bütövlüyü məsələsidir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan öz torpaqlarının bir qarışını belə heç kimə güzəştə getməyəcək. Amma biz eyni zamanda konstruktiv sülhə nail olmağa hazırıq”.
Prezidentin köməkçisi vurğulayıb ki, həmsədrlərin Azərbaycana səfərləri vəziyyətin aydınlaşdırılmasına, tərəflərin mövqelərinin bir daha araşdırılmasına və bu mövqelərin yaxınlaşdırılması fonunda münaqişənin həlli ilə bağlı irəliləyişə nail olunmasına xidmət edir: "Hesab edirik ki, istər ikitərəfli formatda, istər həmsədrlərin iştirakı ilə keçirilən görüşlər, istərsə də dövlət başçılarının, xarici işlər nazirlərinin görüşlərinin əksəriyyəti ortaq mövqelərin tapılmasına xidmət edir və bu mövqelər gec-tez tapılacaq. Əks təqdirdə, Dağlıq Qarabağın və işğal altında olan digər torpaqların Azərbaycan Ordusu tərəfindən azad olunması faktı qaçılmazdır".
Əli Həsənov qeyd edib ki, Ermənistanın təcavüzkar siyasəti həmişə davam edib: "Onlar indiyə qədər bu siyasətə heç zaman ara verməyiblər. Sadəcə olaraq, müəyyən məqamlarda bir qədər geri çəkiliblər, öz mövqelərini gizlətməyə, beynəlxalq ictimaiyyəti aldatmağa çalışıblar. Bütövlükdə biz 1990-cı illərdən başlayaraq bu günə qədər bir dəfə də ermənilərin bu məsələdə təxribatsız ötüşdüyünün şahidi olmamışıq. Onlar davamlı olaraq təxribata əl atırlar. Xüsusən də beynəlxalq səviyyədə danışıqların intensivləşdiyi, status-kvonun aradan qaldırılması ilə bağlı beynəlxalq aləmdə səylərin artdığı zamanda belə təxribatlara əl atırlar, cəbhə bölgəsində qarşıdurmanı gücləndirməyə və beynəlxalq aləmdə antiazərbaycan mövqelərini bu fonda gizlətməyə çalışırlar. Digər tərəfdən də ölkə daxilində əhalinin Ermənistan hakimiyyətinə, iradəsiz rejimə olan narazılığını ört-basdır etməyə çalışırlar. Ona görə də biz bu təxribatları da əvvəlki təxribatlar kimi Ermənistan hakimiyyətinin qeyri-konstruktiv mövqeyi kimi dəyərləndiririk".
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA