Yanmış zavod, dəmir yolu, sement sexi... - BAKIDA ƏCAİB YAŞAYIŞ MƏSKƏNİ

Bir yanı dəmir yolu, bir yanı sement sexi, arxa tərəf isə yanmış zavodun tullantıları... Gördüyünüz ünvan paytaxtın Nizami rayonu, Davud Aslan küçəsidir.

 

Dəmir yolu xəttinin üzərində tikilmiş kiçik həcmli evlər bir növ gecəqondunu xatırladır. Sakinlər artıq 20-25 ildir bu ərazidə yaşayır. Ərazidə məcburi köçkünlərin sayı çoxluq təşkil etsə də, yerli sakinlər də az deyil.

 

Son iki ilə qədər sakinləri yalnız məhəlləni ikiyə bölən qatar səsi narahat etsə də, indi onları burda ucaldılan sement sexinin havaya sovrulan tullantıları nəfəs almağa qoymur. Üstəlik, sakinlər aylardır içməli su üzünə həsrətdirlər.

 

Əslən Zəngilan rayonundan olan məcburi köçkün Sənan Talıbova deyir ki, əvvəllər sözügedən ərazidə zavod olub: "Şəraitimiz acınacaqlıdır. Evimizin arxasında zavodun tör-töküntüləri, qarşısında isə sement zavodunun zəhərli havası. Görürsünüz, ağır vəziyyətdə olan uşağım var. Beyni oksigen çatışmazlığından əziyyət çəkir. Qatarın səsindən onsuzda oturmaq mümkün deyildi, indi də nəfəs belə ala bilmirik.  Bir neçə gün əvvəldə zavodda yanğın baş verdi. Onun da tör-töküntüsü yaşadığımız evlərin üstünə tökülüb. Telefon xətlərimiz yanıb, bir-birinə müvəqqəti calayıblar. Su xətlərimiz yanıb. Hər gün su xətləri sıradan çıxır. Dəfələrlə şikayət eləmişik. Hər gün "narahat olmayın, dəyişəcəyik" desələr də, heç kim bur əraziyə baxmır".

 

Zümrüd Rəhimova da Davud Aslan küçəsinin sakinidir: "İyun ayının əvvəlləri idi. Zavod yandı. Alovun qarşısını almaq üçün evimizin üstünə çıxıb yanğını söndürdülər. Şiferlərimiz qırıldı. Az yağış yağan kimi evlərimiz su altında qalır. Dedilər, gəlib təmir edib baxacağıq. Amma günlərdir gözləyirik, maraqlanan yoxdur. Zavodun tör-töküntüsü azmış kimi, sementin tozundan nəfəs almaq da mümkün deyil".

 

Gözdən o qədər uzaq olmayan, amma könüllərdən iraq olan məhəllə sakinləri ilin bütün fəsillərində kommunal problemlərdən, yayda isə susuzluqdan və natəmizlikdən əziyyət çəkdiklərini dilə gətirirlər.

 

Bir yandan üfunət iyi, digər tərəfdən isə sement sexinin havaya sovrulan tozu, yayın istisi və susuzluqla imtahana çəkilən sakinlərin problemlərinin həlli üçün üz tutduq Nizami Rayon İcra Hakimiyyətinə.

 

İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov məsələdən xəbərdar olduqlarını dedi: "Davud Aslan küçəsində baş verən yanğın hadisəsindən sonra orda müvafiq cari işlər görülüb. Sakinlərin hazırda su ilə təchizat problemi yaranıb. Yanğın hadisəsi zamanı su xətləri tamamilə sıradan çıxıb. Müvəqqəti olaraq sakinlər su ilə təmin olunsa da, problemin həlli tam yerinə yetirilməyib. Su xəttinin təmir olunub yenidən qurulması üçün Nizami rayon Su Kanal İdarəsi ilə əraziyə baxış keçirilib. Hazırda xəttin bərpası üçün hazırlıq işlərinə başlanılıb. Məsələ İcra Hakimiyyəti tərəfindən tam nəzarətdə saxlanılır".

 

O, qaldı sakinləri narahat edən digər problemlərə, RİH rəsmisi bildirdi ki, həmin evlər sənədsiz, özbaşına tikililərdir və dəmir yolu xəttinin mühafizə zonasına düşür: "Bu qəbildən olan evlər barədə siyahı tutulub göndərilir Bakı Şəhər İcra Hakimiyyətinə və Nazirlər Kabinetinə. Gələcəkdə bunların sökülməsi, köçürülməsi və yaxud sənədləşdirilməsi ilə bağlı məsələyə hazırda Nazirlər Kabinetində baxılır. Müvafiq qərar hazırlanacaq. Ondan sonra ərazidə görüləcək işlər barədə müvafiq hazırlıq tədbirlərinə başlanılacaq". 

 

Qərib Məmmədov onu da əlavə edib ki, Nizami rayon Davud Aslan küçəsindəki evlər  planlı şəkildə salınan yaşayış massivi deyil: "Bu evlərin tikintisi yerli orqanlardan icazə alınmadan gizli şəkildə tikilib. Buna "gecəqondu" deyirlər. Orda heç bir tikinti-sanitar normalardan söhbət gedə bilməz. Hətta yanğından mühafizə normalarından belə söhbət gedə bilməz. İnsanların özbaşına tikdiyi evlərdir. Orda havasızlıq da olacaq, yanğın da olacaq, hardasa hansısa kommunikasiya xəttinin normal işləməməsi də gözləniləndir. Bunların hamısını sakinlər özləri özlərinə yaradıblar. İndi istənilən normal şəraiti sözügedən ərazidə yaratmaq üçün həmin ünvanda evlər sökülüb yenidən tikilməlidir".

 

Belə, tərəfləri dinlədik. Ümid edək ki, sakinlərin haqlı narazılığına səbəb olan sosial problemlər tezliklə aradan qalxacaq.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR