"İmtahan sualları asan idi" - 9-cu siniflərin buraxılış imtahanından REPORTAJ
Bu gün respublikanın Bakı, Sumqayıt, Abşeron şəhərlərində və Naxçıvan Muxtar Respublikasında təhsil alan 9 və 11-ci sinif şagirdləri buraxılış imtahanı verir. Dövlət İmtahan Mərkəzindən APA TV-yə verilən məlumata görə, bugünkü imtahanlarda ümumilikdə 76 636 şagirdin iştirakı gözlənilir. IX sinif şagirdləri üçün imtahan saat 10:00-da başlanıb.
Hazırda gördüyünüz kimi 9-cu sinif şagirdləri buraxılış imtahanı verir. Saat yarım davam edəcək imtahanda şagirdlər 2 fəndən 60 suala cavab verəcəklər. Biz imtahanın gedişatını 47 nömrəli məktəbdə müşahidə edirik. Bu məktəbdə imtahan prosesini 41 nəzarətçi müşahidə edir.
Ümumi imtahan rəhbəri Əfqan Əliyev imtahanların iki növbəli keçirildiyini deyib: "Bu gün 2 növbəli imtahan keçirilir, 9-cu siniflər 1-ci növbədə, 11-ci siniflər isə 2-ci növbədə imtahanda iştirak edəcəklər. Ümumilikdə bu məktəbdə 576 nəfər şagird imtahana qatılıb, 18 zal üzrə 41 nəfər imtahana nəzarət edir. Buraxılış imtahanı qaydalara, təlimata uyğun keçirilib".
47 nömrəli məktəbdə keçirilən imtahana cəmi bir nəfər qatılmayıb. Məktəbin həyətində uşaqlarını gözləyən valideynlər də ən az imtahan verən şagirdlər qədər həyəcanlıdır.
- İmtahandadır, hələ çıxmayıb, nəticələri gözləyirik, görək necə olacaq. Keçən dəfə çox çətin olmuşdu, indi isə imtahandan çıxanlar deyir suallar asan idi. İndi uşaq çıxar, bilərəm necə keçdi. Həyəcan keçirirəm görüm necə nəticə göstərəcək.
- Hər bir valideyn kimi mən də həyəcanlıyam. Amma inanıram ki, uşaqlarım yaxşı oxuyur imtahanı yaxşı yazacaqlar. Ümidvaram ki, uşaqlarımın ikisi də imtahandan uğurla keçəcəklər.
- İmtahan verir , Allah eləsin ki yaxşı olsun, hamının balaları yaxşı yazsın.
- Gözləyirik, həyəcanlıyıq, Allah hamısının axırını yaxşı eləsin, zehinləri açıq olsun, əziyyətləri yerdə qalmasın.
Şagirdlər imtahanın yaxşı keçdiyini, oxuyanlar üçün sualların sadə olduğunu deyirlər.
- Çox yaxşı keçdi, demək olar ki bütün suallara cavab verdim, Riyaziyyatdan 24 düz cavab yazdım. Məncə, suallar çox sadə idi.
- Çox asan keçdi, sualların heç birində çətinlik yox idi. Bir çətin sual var idi. İki suala cavab verə bilmədim.
- Suallar asan idi, amma vaxt az idi, 90 dəqiqə vaxt vermişdilər, oxumayanlar üçün çətin ola bilər. Bir az Azərbaycan dilindən çətinliyim oldu.
- 9-cu sinfə görə nisbətən asan suallar idi. Bilən yaza bilər. Azərbaycan dilindən çətin sual da vardı, asan da.
Qeyd edək ki, IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 90 imtahan binası ayrılıb. Ümumilikdə 9-cu sinif üzrə 43781 şagirdin imtahanda iştirakı nəzərdə tutulub.
Buraxılış imtahanında iştirak edən şagirdlərə uğurlar diləyirik!
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA