Xudat sərhəd dəstəsində hərbi hissənin yaradılmasının 25 illiyi qeyd olunub

Dövlət Sərhəd Xidmətinin Xudat sərhəd dəstəsində hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilıb.

 

Tədbirdə Xudat sərhəd dəstəsinin dövlət sərhədinin etibarlı mühafizəsinin təşkilində böyük nailiyyətlər əldə etdiyi, hazırda Dövlət Sərhəd Xidmətinin ən mükəmməl hərbi hissə­lərindən biri olduğu xüsusi qeyd edilib.

 

Müstəqillik dövründə Azərbaycanın şimal sərhədlərində sərhəd dəstəsinin qarnizonunun və 19 sərhəd zastavasının, 3 sərhəd komen­dant­lığının, 2 sərhəd nəzarəti məntəqəsinin inşa edilməsi sərhəd təhlükəsizliyi məsələlərinə ali diqqətin ifadəsi kimi dəyərləndirilib.

 

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tədbirdə çıxış edərək şəxsi heyəti təbrik edib, hərbi hissənin yaradılması, inkişaf dövrləri ilə bağlı xatirə və təəssüratları ilə bölüşüb, sərhəd dəstəsinin təşəkkül tapmasına dəstək olan və köməklik göstərən şəxslərə minnətdarlığını bildirıb.

 

Tədbirdə xidməti fəaliyyətlərində yüksək nailiyyətlər əldə etmiş bir qrup sərhədçi, həmçinin hərbi hissənin əsasının qoyulduğu gün – 1992-ci ilin 16 iyun tarixində ilk dəfə Samur körpüsü üzərində sərhəd nəzarəti xidmətinə çıxmış şəxslər təltif olunub.

 

Tədbirin rəsmi hissəsi şəxsi heyətin təntənəli marşla tribunanın önündən keçidi ilə başa çatıb.

DSX rəisi, general-polkovnik Elçin Quliyev qonaqlarla birlikdə hərbi hissədə yeni inşa edilmiş və əsaslı təmir olunmuş binalara baxış keçirib, sərhədçilərlə birgə nahar edib.

 

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin hərbi orkestri və Azərbaycan Res­publikasının incəsənət ustaları sərhədçilər qarşısında konsert proqramı ilə çıxış ediblər.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR